Bu il keçiriləcək bəzi imtahanların qrafiki və qeydiyyat tarixləri açıqlanıb

10 Yanvar 2025 19:20 (UTC+04:00)

I, II, III və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsinə uyğun sınaq imtahanına qeydiyyat fevralın 6-dan 26-dək aparılacaq. Sınaq imtahanı isə martın 16-da təşkil olunacaq.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, Dövlət İmtahan Mərkəzindən (DİM) bildirilib ki, ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün bütün abituriyentlərin qeydiyyatı (ərizə qəbulunun I mərhələsi) fevralın 20-dən martın 5-dək aparılacaq. Əvvəlki illərin məzunları üçün qəbul imtahanının birinci mərhələsi aprelin 6-da keçiriləcək.

I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanlarının ikinci mərhələsinin birinci cəhdi may-iyun aylarında keçiriləcək. Bu imtahanlarda iştirak etmək üçün qeydiyyat isə aprel-may aylarında aparılacaq.

Magistratura səviyyəsinə qəbul imtahanının birinci cəhdi fevralın 16-da keçiriləcək. Bu imtahanda iştirak etmək üçün bakalavrların qeydiyyatı yanvarın 13-dən 27-dək aparılacaq.

Digər imtahanların qrafiki ilə DİM-in saytında tanış ola bilərsiniz.