Nəqliyyat sahəsində 2024-cü ildə görülmüş işlər və 2025-ci ildə planlaşdırılan layihələr haqqında mətbuat konfransı keçirilib. SİA xəbər verir ki, mətbuat nümayəndələri, sahə üzrə ekspertlər və mütəxəssislərin iştirakı ilə keçirilən tədbirdə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov ötən il reallaşdırılan layihələr barədə məlumat verib.
Bildirib ki, son 20 ildə Azərbaycan hökuməti tərəfindən həyata keçirilmiş islahatlar, görülmüş işlər yol infrastrukturunda ciddi dəyişikliklərə gətirib çıxarıb. Respublika üzrə 20,767 km uzunluğunda avtomobil yolları salınıb, yenidən qurulub və təmir olunub. 335 ədəd körpü və yol ötürücüsü, 163 ədəd yeraltı və yerüstü piyada keçidi və 45 ədəd tunel tikilib. Hazırda işğaldan azad edilmiş ərazilərdə ümumi uzunluğu 3 371,1 km təşkil edən 44 avtomobil yolu layihəsi icra edilir. 45 tunel, 447 körpü və 16 viadukun tikintisi aparılır.
Görülmüş işlər nəticəsində 2024-cü ildə bir sıra sahələrdə rekord göstəricilər və nailiyyətlər əldə edilib. Ümumilikdə ölkə ərazisi ilə tranzit yükdaşımaların həcmi 10,5% artaraq 14,8 mln tona çatıb, o cümlədən dəmiryolu ilə tranzitdə 7,3 mln ton artım qeydə alınıb. Heydər Əliyev Aeroportu üzrə artım 31% olub. Ötən il metropoliten üzrə sərnişindaşıma 5% artaraq 230 mln nəfərə, dəmiryolu ilə sərnişindaşıma isə 8,5 mln nəfərə çatıb. “Bakubus” üzrə artım 20% və ya 148 mln nəfər olub.
2024-cü ilin 11 ayında nəqliyyat sektorunda məhsul buraxılışı 13.7% artaraq 13.0 milyard manata çatıb.
2024-cü il sərnişin nəqliyyatı sektorunda da uğurları ilə yadda qalıb. Nazir müavini qeyd etdi ki, Bakıda mobilliyin transformasiyası çərçivəsində görülən işlərin məqsədi vətəndaşların rahatlığı və təhlükəsizliyini təmin etməkdir. Bu proses səmərəli ictimai nəqliyyat sisteminin formalaşması, infrastrukturun yaradılması və yenilənməsini nəzərdə tutur. İslahatlar kompleks şəkildə aparılır.
Mühüm dəyişikliklərdən biri paytaxt küçələrində xüsusi hərəkət zolaqlarının yaradılmasıdır. Aparılan monitorinqlərin nəticəsinə əsasən, avtobusların marşrut üzrə gediş vaxtı bəzi küçələrdə 18-22 dəqiqəyə qədər azalıb, əksər hallarda interval qısalıb, sərnişinlərin sayı isə əhəmiyyətli dərəcədə artıb. Hazırda ümumi uzunluğu 100 km-dən çox olan xüsusi zolaqlar paytaxtın 30-dan çox küçə və prospektini əhatə edir. Bu zolaqlarla hərəkət edən avtobuslarla gün ərzində 900 minə yaxın sərnişin daşınır. Xüsusi zolaqların təşkili prosesi davam edir.
Yeni marşrutların yaradılmasından danışan nazir müavini vurğulayıb ki, bu proses optimallaşdırma məqsədilə aparılan təhlillər əsasında davam edir. Vurğulandı ki, ötən ilin sonlarında metronun “20 Yanvar” stansiyası ilə Sumqayıt Avtovağzalını birləşdirən yeni 594 nömrəli marşrut xətti fəaliyyətə başlayıb və təyinat məntəqəsinə orta hesabla 30 dəqiqəyə çatmaq olur. Metronun “Avtovağzal” stansiyasından Sumqayıta gedən 595 nömrəli avtobuslarla birlikdə gün ərzində 10 mindən çox sərnişin daşınır.
Rəhman Hümmətov əlavə edib ki, Saray qəsəbəsi sakinlərinin çoxsaylı müraciəti və istəkləri nəzərə alınaraq metronun “20 Yanvar” stansiyasına yeni 508 nömrəli müntəzəm avtobus marşrutu istifadəyə verilib.
Paytaxtda yeni müntəzəm marşrut şəbəkəsinin tətbiqi çərçivəsində isə 20, 120, 120E, 121E, 140 və 140E nömrəli avtobuslar xəttə buraxılıb. Bildirilib ki, marşrut şəbəkəsinin genişləndirilməsi və daha çox əhalinin əlçatanlığının təmin edilməsi istiqamətində işlər davam etdirilir.
Qeyd edilib ki, ötən ildə avtobuslardan istifadə edənlərin sayının artması nəticəsində 2023-cü illə müqayisədə 28 milyon çox sərnişin daşınıb.
Mətbuat konfransında nəqliyyat mübadilə mərkəzlərinin (HUB) yaradılmasından da danışılıb. Bildirilib ki, ötən il Bakıda 3 yeni HUB-ın istifadəyə verilməsi müxtəlif nəqliyyat növləri arasında keçid imkanlarını əhəmiyyətli dərəcədə genişləndirib. Söhbət metronun “Gənclik” və “28 May” stansiyalarının qarşısı, eləcə də “Koroğlu” stansiyasının cənub çıxışındakı qovşaqlardan gedir.
Vurğulanıb ki, “28 May” və “Koroğlu” HUB-larını digərlərindən fərqləndirən əsas xüsusiyyət onların multimodal olması, yəni dəmiryolu, metro və avtobus dayanacaqlarını birləşdirməsidir. Eyni zamanda metronun “Koroğlu” stansiyasının şimal çıxışında və Bakı Beynəlxalq Avtovağzal Kompleksi ərazisində yerləşən nəqliyyat mübadilə mərkəzləri də səmərəli fəaliyyət göstərir.
Qeyd edilib ki, son vaxtlar şəhər mobilliyinin inkişafında Bakı Metropoliteninin rolu xeyli artıb. Prezident İlham Əliyevin yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində Bakı şəhərinin nəqliyyat infrastrukturu, xüsusilə Bakı Metropoliteninin inkişafı ilə bağlı vacib məsələlərə toxunaraq müvafiq tapşırıqlar verdiyi vurğulanıb. Bildirilib ki, ölkə başçısının tapşırıqlarına əsasən, Bakı şəhərində nəqliyyat sıxlığının azaldılması və şəhər mobilliyinin inkişafında mühüm rol oynayan Bakı Metropoliteninin genişləndirilməsi və mövcud infrastrukturun müasirləşdirilməsi istiqamətində əhəmiyyətli işlər görülür. Yeni nəqliyyat proqramı çərçivəsində paytaxtın ekoloji cəhətdən təmiz, sürətli və birləşdirici ictimai nəqliyyat sistemi olaraq metropolitenin daha geniş əhatə dairəsinə malik olması hədəflənib. Bu çərçivədə yerli və xarici mütəxəssislərin iştirakı ilə paytaxtın nəqliyyat proqramı hazırlanır. Proqramda şəhərin cari və gələcək inkişaf tələbləri nəzərə alınaraq metropolitenin digər nəqliyyat vasitələri ilə inteqrasiyasına xüsusi diqqət ayrılır. Xüsusilə Yaşıl və Bənövşəyi xətlərin inkişaf etdirilməsi ilə nəqliyyat sistemində balanslı və effektiv hərəkətin təmin edilməsi əsas məqsədlərdən biridir.
Məlumat verilib ki, Prezidentin verdiyi tapşırıqlara uyğun olaraq yaxın illərdə Bakı Metropoliteninin inkişafı çərçivəsində 10 yeni stansiyanın tikintisi nəzərdə tutulur. Bu stansiyalar arasında Yaşıl xəttin “Xətai-Həzi Aslanov-2” seqmentində 4 yeni stansiya və “Dərnəgül” elektrik deposunun inşası xüsusi əhəmiyyət kəsb edir. Həmçinin Bənövşəyi xəttin inkişaf etdirilməsi ilə Sumqayıt və Xırdalandan şəhər mərkəzinə olan sərnişin axınını daha səmərəli tənzimləmək üçün metropolitenin mühüm tranzit rolunun gücləndirilməsi planlaşdırılır.
Qeyd edilib ki, son illərdə Bakı Metropoliteninin müasirləşdirilməsi sahəsində də irəliləyişlər əldə olunub. 7 metro stansiyası və 1 depo inşa olunub.
Yeni Bənövşəyi xətt istifadəyə verilib.
COP29 tədbiri çərçivəsində 35 yeni vaqon alınaraq komplektləşdirilib və nəticədə yeni nəsil vaqonların sayı 150-yə çatdırılıb. Bu yeniliklər sərnişinlər üçün daha rahat və təhlükəsiz səfərlər təmin edəcək.
Dövlət dəstəyi ilə həyata keçirilən bu layihələrdə dünya təcrübəsindən öyrənilən modellər də tətbiq olunur. Avropa İnvestisiya Bankı ilə imzalanmış memorandum isə metropolitenin genişləndirilməsi və 10 yeni stansiyanın tikintisi üzrə davamlı investisiya təminatı üçün mühüm addımlardan biridir. Bakı Metropoliteninin müasirləşdirilməsi təkcə şəhərin nəqliyyat sisteminin deyil, həm də onun dayanıqlı və yaşıl inkişaf siyasətinin əsas sütunlarından biridir. Bildirildi ki, yaxın illərdə bu sahədə dinamik irəliləyişlərin müşahidə olunacağı gözlənilir. Bütün yeniliklər barədə ictimaiyyətə mütəmadi məlumat veriləcək.
Mətbuat konfransında son dövrdə, xüsusilə də son iki ildə “Azərbaycan Dəmir Yolları” QSC-nin sərnişindaşıma sahəsində bir çox nailiyyətlər əldə etdiyi vurğulandı. 2023-cü ildə Bakı-Gəncə-Bakı marşrutunun Ağstafaya qədər genişləndirilməsi, Azərbaycan dəmir yolları tarixində ilk dəfə olaraq Bakıdan Qəbələyə marşrut xəttinin açılması, Dəllər və Qovlara dayanacağın verilməsi, İsveçrənin “Stadler Rail Group” şirkəti ilə imzalanmış müqavilə çərçivəsində yeni qatarların alınması, 2024-cü ilin iyununda bu qatarların istifadəyə verilməsi nəticəsində Bakı-Ağstafa-Bakı marşrutu üzrə reyslərin 2-dən 4-ə çatdırılması, Ləki və Ucar stansiyalarına dayanacaq verilməsi, 2025-ci ildə isə Bakı-Balakən-Bakı marşrutunun bərpa olunması ADY-nin sərnişindaşımanın daha da genişləndirilməsi istiqamətində uğurlu fəaliyyətinin nəticəsidir.
Xüsusi olaraq qeyd edildi ki, müştəri məmnuniyyətinin təmin edilməsi üçün əsas rəqəmsal yeniliklərdən biri rayonlararası marşrutlar üzrə sərnişin qatarlarına minik zamanı “Mygov.az” portalı vasitəsilə QR kod şəklində elektron şəxsiyyət vəsiqəsinin təqdim edilməsinə imkan yaradılması olub.
2023-cü ildə istifadəyə verilmiş “ADY Mobile” mobil tətbiqindən istifadə edənlərin yüklənmə sayı artaraq 172 mini ötüb. 2024-cü ilin sentyabrından tətbiqinə başlanılan loyallıq proqramı şəhərətrafı qatarlarla səfər edən sərnişinlərə “ADY Mobile” vasitəsilə gedişlər üzrə 3% “cashback”, eləcə də bonus qazandırır.
Bildirildi ki, sərnişin rahatlığının tam təmin edilməsi məqsədilə ötən ilin sentyabrında Bakı, Sabunçu, Sumqayıt, Gəncə, Qəbələ vağzallarında, Koroğlu, Bakıxanov, Pirşağı, Goran, Ağstafa stansiya və dayanacaqlarında, həmçinin rayonlararası marşrutlar üzrə hərəkət edən qatarlarda pulsuz “W-Fi” xidməti aktiv edilib.
Ümumilikdə isə 2024-cü ildə ADY tərəfindən təxminən 8,5 milyon sərnişinə səyahət xidmətləri təqdim edilib. Bununla da ardıcıl ikinci ildir ki, ADY xidmət göstərdiyi sərnişinlərin sayını rekord səviyyəyə çatdırıb. Belə ki, 2023-cü ildə 7 milyondan çox sərnişinə xidmət göstərməklə qurum rekorda imza atıb.
Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini avtobus parkının yenilənməsindən də danışdı. Qeyd etdi ki, COP29 ərəfəsində ölkəmizə gətirilən 160 elektrikli avtobus artıq paytaxtda müxtəlif marşrutlarda uğurla istifadə edilir, özəl şirkətlər də bu yaxınlarda daha 85 ekoloji təmiz texnologiyalı avtobus alıb. Bundan əlavə, 200-dən çox avtobus təmir edilərək istifadəyə verilib. İndi onların parkı rekord həddə – 2170-ə çatıb.
Tədbirdə Bakıda velosiped yolları şəbəkəsinin genişləndirilməsi və onların əlaqələndirilməsindən də bəhs edildi. 2024-cü ildə bu yolların uzunluğu 35 kilometr təşkil edib. Növbəti mərhələlərdə bu zolaqların uzunluğunun təxminən 100 km-ə çatdırılması nəzərdə tutulur. Paytaxtda 70-ə yaxın ərazidə velosipedlər üçün xüsusi dayanacaqlar yaradılıb, həmçinin onların mobil tətbiq vasitəsilə rahat ödəniş mexanizminə malik icarə xidməti istifadəyə verilib ki, bu da əlçatanlığı artırıb.
Qeyd olundu ki, elektrikli skuterlər üçün parklanma yerlərinin yaradılması prosesinə də başlanılıb. Velosiped və skuterlərin getdikcə artan populyarlığı mikromobillik vasitələrinin qısa məsafələrə səfərlər üçün alternativ nəqliyyat növünə çevrilməsi meyillərinin göstəricisidir. Sentyabr-dekabr ayları üzrə mikromobillik operatorları tərəfindən 850 min 944 sifariş qəbul olunub və 2 milyon 244 min 302 km məsafə qət edilib.
Nəqliyyat sektorunda aparılan köklü islahatlardan danışılarkən, taksi xidmətinə də toxunuldu. Bildirildi ki, 2024-cü ilin dekabr ayında 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə taksi sifarişlərinin sayında təxminən 31-32% azalma müşahidə edilir. Vurğulandı ki, qətiyyətli islahatlar sayəsində bu sahədə qayda-qanun yaradılıb. Təxminən 35 minə yaxın taksi sürücüsü təlimə cəlb edilib. Səmərəli tənzimləmə tədbirləri sayəsində xidmətlərin keyfiyyəti xeyli yaxşılaşıb, taksi parkı, xüsusən də hibrid və elektrikli avtomobillər hesabına köklü şəkildə yenilənib. Bu, ekoloji vəziyyətin yaxşılaşmasına əhəmiyyətli dərəcədə təsir göstərir. Şəhərin müəyyən yerlərində taksi dayanacaqlarının yaradılması istiqamətində də iş aparılır.
Parklanma yerlərinin təşkilində də mühüm dəyişikliklər baş verir. Bildirildi ki, şəhərin müxtəlif yerlərində xaotik şəkildə təşkil edilmiş qeyri-qanuni dayanacaqlar keçmişdə qalıb. Zonalar üzrə yeni parklanma məntəqələri, o cümlədən ödənişsiz yerlərin yaradılması prosesi bu il də davam etdiriləcək.
Tədbirdə piyada zonalarının yaradılması və genişləndirilməsi məsələsindən də danışılıb. Bu xüsusda ötən il əsaslı yenidənqurmadan sonra istifadəyə verilən Xaqani bağının ətrafında avtomobillərin hərəkətinin tamamilə məhdudlaşdırılması və piyada zonasının yaradılması layihəsi qeyd edilib.
Vurğulandı ki, tarixi abidələrlə zəngin Əziz Əliyev küçəsində avtonəqliyyat vasitələrinin hərəkətinin tam məhdudlaşdırılması Nizami küçəsindən başlayan piyada zonasının Dənizkənarı Milli Parkadək genişləndirilməsinə imkan yaradıb. Metronun “28 May” stansiyasının qarşısındakı meydanın abadlaşdırılması isə buranı geniş piyada zonasına çevirib. Şəhər mühitinin keyfiyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdırmağa imkan verən bu dəyişikliklər 2025-ci ildə də davam etdiriləcək.
Yol hərəkətinin yenidən təşkili barədə məlumat verilərkən bildirildi ki, ötən il Zərifə Əliyeva, Xaqani, “28 May”, Mikayıl Müşfiq küçələri, eləcə də Mətbuat, Xocalı və Azadlıq prospektlərində ümumilikdə 6 layihə üzrə işlər tamamlanıb.
Rəhman Hümmətov son zamanlar yol infrastrukturunun qorunması istiqamətində də xeyli işlər görüldüyünü deyib. Bildirib ki, burada ən innovativ yanaşma tətbiq olunaraq elektron tərəzilər quraşdırılır. Artıq Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunda və Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunda innovativ mexanizm olan 6 elektron tərəzi quraşdırılıb, digər məntəqələrdə bu istiqamətdə işlər davam etdirilir. Ümumilikdə bu proses 31 yerdə 51 tərəzinin quraşdırılmasını əhatə edir. AYNA tərəfindən yaradılan Elektron Tərəzilərin Vahid Monitorinq Mərkəzi vasitəsilə isə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit və çəki parametrlərinə nəzarət olunur.
Mobilliyin transformasiyası proqramı çərçivəsində növbəti mərhələdə marşrutların optimallaşdırılması, avtobusların sayının artırılması və parkların ekoloji cəhətdən təmiz avtobuslar hesabına yenilənməsi, taksi sahəsində islahatların yekunlaşdırılması, mikromobilliyin təşviqi, yol hərəkətinin təşkili və piyada infrastrukturunun təkmilləşdirilməsi həyata keçiriləcək.
Perspektivdə olan məsələlər arasında nəqliyyat bağlantılarını yaxşılaşdırmaq məqsədilə avtomobil yollarının və yol qovşaqlarının tikintisi layihələrinin başa çatdırılması, metro şəbəkəsinin genişləndirilməsi və şəhərətrafı elektrik qatarlarının xidmət göstərdiyi istiqamətlərin sayının artırılması var.
Sonda jurnalistləri maraqlandıran suallar cavablandırılıb.