Prezidentin yerli telekanallara müsahibəsi Rumıniya mətbuatında - FOTOLAR

10 Yanvar 2025 16:42 (UTC+04:00)

Azərbaycan Prezidenti İlham Əliyevin yerli telekanallara verdiyi müsahibə Rumıniya mətbuatının diqqət mərkəzində olub. SİA xəbər verir ki, Rumıniyanın “AGERPRES” milli xəbər agentliyi, “MediaFax” özəl xəbər agentliyi, “Pro Tv”, “Digi24 Tv” və “Realitatea TV” televiziya kanalları, “G4media.ro”, “Profit.ro”, “Adevarul”, “Evenimentul Zilei”, “Primanews”, “Forbes”, “Capital” və digər nəşrləri Prezident İlham Əliyevin müsahibəsini müzakirə edib, xəbərlər yayıblar.

Mətbuat orqanları Azərbaycan Prezidentinə istinadla yazırlar: “Ermənistanın silahlanması, sadəcə olaraq, yeni gərginliyə gətirib çıxaracaq. Biz bunu istəmirik. Biz sülh istəyirik. Müstəqil Ermənistan dövləti, əslində, faşist dövlətdir. Çünki əgər bu ölkəyə 30 ilə yaxın faşist ideologiyasının daşıyıcıları rəhbərlik ediblərsə, bu ölkəni onlar elə özləri kimi də formalaşdırıblar. Ona görə faşizm məhv edilməlidir. Bunu ya Ermənistan rəhbərliyi məhv edəcək, ya da biz məhv edəcəyik. Bizim başqa çarəmiz yoxdur”.

Bildirilir ki, Ermənistan Türkiyə ilə Azərbaycan arasında coğrafi maneə rolunu oynamamalı, Zəngəzur dəhlizi açılmalıdır. Yazılarda dövlətimizin başçısının çıxışına istinadən qeyd olunub ki, Amerikada da Soros dövrü başa çatıb. Bayden administrasiyası, əslində, Soros idarə üsulu ilə idarə olunurdu. Sorosçuların faktiki olaraq mövqelərini itirdiklərini vurğulayan dövlətimizin başçısı deyib ki, Ermənistan rəhbərliyi bunu nəzərə almalıdır.