"Hamiləlik vaxtı kosmetik prosedurlar, lazer epilyasiyaları, botokslar və dolğular məsləhət deyil. Çox təəssüf ki, hal-hazırki təbabətdə bu barədə xüsusi təsdiqlənmiş protokol, müqavilə, açıqlama yoxdur. Qızlarımız, qadınlarımız bətinlərindəki döllərin həyatını, sağlamlığını, gələcəyini riskə atmamağı mama-ginekoloq kimi məsləhət görmürəm. Botoks botolotoksindir, yəni toksiki təsir edib, əzələləri iflic edə, həmçinin ananın qanına sovrularaq dölə hər hansı bir fəsad yarada bilər". Bu sözləri cərrah, mama-ginekoloq Nigar Həsənova SİA-ya açıqlamasında deyib.
Ginekoloq həmçinin deyib ki, lazer epilyasiyaları dərialtı, yəni tükün kökünə təsir etsə də, bilmirik ki, onun tezliyi nə qədərdir, hansı məsafəyə təsir edə bilir: Hər ehtimala, xüsusilə 1 trimesterində məsləhət görmürəm ki, hamilə qadınlar lazer epilyasiyasına müraciət etsinlər. Həmçinin dolğulardan danışsaq, düzdü onlar təbii və süni olmaqla iki yerə ayrılır. Lakin bədənə vurulan hər bir indeksiya qana sovrulur. Məlum məsələdir ki, döl ananın qanı ilə qidalandığı üçün bütün faydalı yaxud faydasız qidalar uşağa keçir. Buna görə də mən öz xəstələrimə hamiləlik dövründə botoks, dolğu, lazer epilyasıyalarını istifadə etməyi qadağan edirəm.
Nəticə etibarilə 9 ay bunlardan istifadə olunmasa bir problem yaranmaz. Bu həyatı göstəriş deyil ki, mütləq qaydada istifadə olunsun. 9 ay ərzində bizim həyat tərzimiz, istifadə etdiyimiz qidalar və dərman vasitələri dölün gələcəkdə bir insan kimi orqanizmin sağlamlığında çox böyük rol oynayır. Ona görə də övladlarımızın sağlamlığı öz əlimizdədir. Əziz ana namizədləri çalışın bu prosedurlardan uzaq durun və icra etdirməyin!".