BTQ dəmiryol xətti modernləşdirilərək yenidən istifadəyə verildi

10 Yanvar 2025 13:57 (UTC+04:00)

Orta Dəhlizin əsas komponentlərindən biri olan BTQ xəttinin imkanlarının genişləndirilməsi məqsədilə aparılan modernləşdirilmə işlərinin sürətləndirilməsi və yekunlaşdırılması üçün xətt vasitəsilə yükdaşımalar 2023-cü ilin may ayında müvəqqəti olaraq dayandırılmışdı. İşlərin sürətləndirilməsi sayəsində 2024-cü ildə Bakı–Tbilisi–Qars dəmir yolunun Gürcüstan hissəsində modernləşdirmə işləri tamamlanıb və illik yükaşırma həcmi 1 milyon tondan 5 milyon tona çatdırılıb.Modernləşdirmə işləri tamamlandıqdan sonra ötən il mayın 20-dən etibarən yükdaşımalar bərpa edilib. SİA xəbər verir ki, Orta Dəhliz və modernləşdirilmiş BTQ dəmiryol xəttinin geniş imkanları sayəsində 2024-cü ilin iyun ayından Sian limanı ilə yanaşı, Çinin şərqdəki ən böyük limanlarından olan Lianyunqanqdan yüklərin test rejimində göndərilməsinə başlanılıb.

Modernləşdirmə işlərinin tamamlanmasının ardınca ötən il həm də ADY və “Marabda-Kartsaxi Dəmir Yolu” MMC-nin törəmə şirkətlərinin təsisçiliyi ilə “BTKI Railways” MMC adlı birgə müəssisə yaradılıb. Yeni müəssisə BTQ üzrə əməliyyatların səmərəli idarə olunması və yeni yüklərin cəlbi istiqamətində fəaliyyət göstərərək regionda strateji nəqliyyat əlaqələrinin gücləndirilməsi və Orta Dəhlizin potensialının dəfələrlə artırılmasına töhfə verəcək. Eyni zamanda, Marabda–Kartsaxi sahəsinin bütün dəmiryol infrastrukturunun istismarı və idarə edilməsi ilə yanaşı, əldə edilən vəsaitdən Gürcüstan tərəfinə ayrılmış kredit borcunun tam olaraq geri ödənilməsini həyata keçirəcək.

Orta Dəhlizin potensialının gücləndirilməsi istiqamətində Gürcüstan və Qazaxıstan dəmir yolları ilə birgə təsis edilmiş “Middle Corridor Multimodal Ltd.” şirkəti də həlledici rola malikdir. Bu birgə müəssisə vasitəsilə vahid pəncərə yanaşmasının, stabil tarif siyasəti və səmərəli daşınma şərtlərinin tətbiqini təmin edilir. Eyni zamanda, 2024-cü ildə Çin dəmir yollarının törəmə şirkəti olan Çin Dəmir Yolu Konteyner Daşımaları Korporasiyasının (CRCT) birgə müəssisəyə qoşulması Orta Dəhliz üzrə daha təkmilləşmiş yanaşma, daha professional daşınma texnologiyalarını tətbiq etmək imkanlarına yol açır.

Orta Dəhlizin cənub qanadı hesab olunan Avrasiya Nəqliyyat Marşrutu beynəlxalq marşrutların diversifikasiyasını və əlavə yük axınlarının cəlb edilməsini təmin edərək Mərkəzi Asiya ölkələri, Əfqanıstan və Pakistan üçün yeni ticarət imkanları yaradır. Avstriya Dəmir Yollarının bu marşrutun inkişafına maraq göstərməsi Qərb-Şərq istiqamətində yüklərin daşınması potensialının reallaşdırılması üçün əlverişli zəmin yaradır.