İtaliyada nəqliyyat sektorunda milli tətil elan olunub. SİA xəbər verir ki, bu sahədə fəaliyyət göstərən Həmkarlar İttifaqlarının qərarı ilə yerli ictimai nəqliyyatda, dəmir yollarında və hava nəqliyyatında çalışan işçilər tətil ediblər.
Tətil paytaxt Romada, eləcə də digər böyük şəhərlərdə avtobus, metro və tramvay xətlərinin hərəkətinə mənfi təsir göstərib, sərnişinlər arasında narahatlıq və təşvişə səbəb olub. Bəzi şəhərlərarası və regional qatarlar ləğv edilib, uzunmüddətli gecikmələr qeydə alınıb. Böyük şəhərlərdə mərkəzi qatar stansiyalarında sərnişin sıxlığı yaranıb.
Milanın Linate və Malpensa hava limanlarında xidmət göstərən işçilərin tətilə qoşulması bəzi aviareysləri təxirə salıb, çox sayda turistin səyahət planları dəyişilib.
Tətil Turin, Neapol, Genuya, Florensiya, Boloniya və Venesiya kimi böyük şəhərlərdə nəqliyyatın hərəkətinə mənfi təsir göstərib.