Azərbaycan Uşaqlar İctimai Birliyinin sədri Kəmalə Ağazadənin SİA-ya müsahibəsini təqdim edirik:
- Kəmalə xanım, mövzumuz uşaq sığınacaqları barədədir, lakin ondan əvvəl sizə bir sual ünvanlamaq istəyirəm ki, necə oldu bu sahəyə başlamaq qərarını alıb, uşaq sığınacaqları mərkəzini yaratdınız və bu işə haradan başladınız?
- Bunun kökü 1992-ci ildə Azərbaycan Uşaqlar İctimai Birliyinin yaranması ilə başlayıb. Təşkilat yaradılıb qeyri-hökümət təşkilatı olaraq fəaliyyətə başlamasaydı, həssas uşaqlarla işin təşkili, onların hüquq və maraqlarının müdafiəsi olmasaydı, yəqin ki bu sığınacaqlara da gəlib çıxmazdıq. Bunun üçün illər lazım olub. Azərbaycan müharibələr keçmiş oldu, 1990-cı illərdə məcburi köçkün və qaçqın ailələrindən olan həssas uşaqlarla işə başladıq. Onların hüquqlarının müdafiəsinə qalxdıq, təhsil və asudə vaxtlarının təşkili, məskunlaşdığı ərazidə həyat bacarıqlarının inkişaf etdirilməsi istiqamətində layihələrə imza atdıq. 2000-ci ildən etibarən isə vaxtının çox hissəsini küçədə keçirən uşaq və yeniyetmələrlə profilaktik işlərin aparılması, onlara hüquqi, tibbi, sosial-psixoloji dəstəyin göstərilməsi həyata keçirildi. Sığınacağın yaradılmasına belə bu ərəfələrdə başlanıldı, çünki daha çox küçə uşaqları ilə işlədiyimiz zaman onların hüquqi problemlərinin, təhsildən yayınmalarının, zərərli vərdişlərinin olmasından, baxımsız və biganə qaldığından bir çox zorakılıq halları ilə qarşılaşması ilə biz ilk növbədə “Günərzi” mərkəzi yaratdıq. Daha sonra həmin mərkəzin reabilitasiya keçən uşaq və yeniyetmələrin reinteqrasiya mərkəzini yaratdıq. Artıq mərkəzin 2025-ci ilin yanvarın 14-də 18-ci il tamam olacaq. Təsəvvür edirsiz, necə yüksək rəqəmdir, yəni bir igidin ömrüdür. Zamanında bizə gəlib 10-15 yaşında reabilitasiya keçən uşaq dediyimiz gənclər, ailə başçıları və uğursuz insanlar yetərincədir.
- Ümumiyyətlə sığınacaqda neçə uşaq var, onların həyat fəaliyyəti necə təşkil olunur? Sağlamlığı, təhsili və əyləncə ehtiyacları necə qarşılanır?
- Sığınacaq dediyimiz yerə uşaqları gətirib çıxaran səbəblər var. Bu səbəblərin bir çoxunun aşkarlanması hüquq-mühafizə orqanları tərəfindən həyata keçirilir. İl ərzində 270-300, hətta 350 müraciət və yerləşdirilmə həyata keçirilib. Bugünki rəqəmi istəyirsizsə hal-hazırda 40 uşaq sığınacaqda reabilitasiya keçir və onların hər biri müxtəlif səbəblərdən reinteqrasiya mərkəzinə yerləşdirilən uşaqlardır. Bunların arasında 2, 3, 5 aylıq, həmçinin 17 yaşlı uşaqlar olub. Amma bu sahədə daha çox zorakılıq qurbanları ilə məşğul olan ixtisaslaşmış kadrlarımız var. Onlarla işin təşkili daha effektiv olmağı üçün 10 yaş, istisna hallarda 12 yaşa qədər olan oğlanları qəbul edirik. Amma 0-18 yaş isə qızlara şamil olunur. Onlarla işin təşkili bayaq dediyim kimi hüquqi, tibbi, sosial istiqamətdə fəaliyyətin formalaşması, hər biri üçün fərdi plan tərtib olunaraq bütün bu xidmətlərdən yararlanma şəraiti yaradılır. Müxtəlif kurslara gedirlər, hətta bizim üçün ən önəmlisi hüquqi dediyimiz onların vəsiqələrinin, doğum şəhadətnamələrinin itirilməsi və ya olmaması müəyyən problem yaradır, yəni birinci biz ondan başlayırıq. Uşaqların tibbi tərəflərinin, səhhətində olan problemlərin aradan qaldırılması, hüquq-mühafizə orqanları tərəfindən gətirilsə burada ya inzibati, ya da cinayət hadisəsi faktı var. Bu günləri bir çox hallarda elə cinayət formaları var ki, kiçik cərimələrlə canlarını qurtaracaq cinayətkarlarımız var. Amma uşağın aldığı travmanı heç bir kiçik cərimə ilə ödəmək olmaz. Ona görə onunla artıq psixoloqlar işləyir. Mən deyərdim ki, Azərbaycan Uşaqlar İctimai Birliyinin əsas məqsədi elə ixtisaslaşmış kadrları formalaşdırmaqdır. Biz bura çoxlu könüllülər, təcrübəçilər cəlb edirik ki, gələcəkdə ixtisaslarına uyğun uşaq və yeniyetmələrlə, həmçinin ailələrlə işləyə biləcək kadrlar yetişdirək. Uşaq diqqət və qayğı ilə əhatə olunur.
- Siz uşaqların travma məsələsinə toxundunuz. Onlar daha çox hansı travmalar ilə bura gəlir və onlarla necə işləyirsiniz, məşğul olursunuz?
- Ümumiyyətlə deyilir ki, insan doğulanda artıq travma ilə doğulur. Bizim hər birimiz doğuşumuzdan travmalıyıq. Amma bu uşaqların travması onlara qarşı olan biganəlik, diqqətsizlik, toxunulmaz olduqları halda toxunmaları təcavüzlər, fiziki şiddətlər, iqtisadi asılılıqdır. İqtisadi asılılıq bizim daha çox cəmiyyətdə gördüyümüz dilənçiliyə cəlb edilmədir. Siz hansısa uşaq görmüsüz ki, desin mən bunu məcbur edirəm? Deyəcək ailəmə kömək etmək üçün özüm edirəm. Amma bunun arxasında çox böyük bir travma dayanır. Bu şüuraltısına yeridilmiş özünün uğur hekayəsidir. Travmalar müxtəlifdir və onların dərəcələri var. Əlbətdəki zorakılıq qurbanları ümumilikdə götürülürsə təcavüz qurbanlarının bu travmadan çıxması olduqca çətindir. Bu tip travma yaşayan uşaqlarla xüsusi proqramlarla işləyirik və çox böyük nəticələrimizdə var. Ona görə deyirəm ki, bizim təşkilat daha çox zorakılıq sahəsi üzrə ixtisaslaşmış əməkdaşlardır.
- Uşaqlar ailələrinə qaytarılan zaman proses necə baş verir və hansı çətinliklərlə qarşılaşırsınız?
- Bu bizim öhdəliyimizdə olan iş deyil, bunu Sosial Xidmətlər Agentliyi həyata keçirir. Uşaq bizim təşkilata daxil olan saatdan etibarən onu dərhal Sosial Xidmətlər Agentliyinin alt sistemi portalına məlumatlarını, vəsiqəsini, ailə varsa onun haqqında məlumatları və s. yerləşdiririk. Bir neçə gün sonra artıq Sosial Xidmətlər Agentliyinin sosial işçiləri sorğular əsasında qiymətləndirməyə gəlirlər. Uşaq ailədə şiddətə məruz qalıbsa, ona qarşı ailədə cinayət hadisəsi baş veribsə sizcə onun geri dönüşü mümkündürmü? Demək ki, o uşağın uzun müddət reabilitasiyası və dövlət himayəsində olması önəmlidir. Bir uşaqlar cinayət işi açıldığı, istintaq getdiyi, məhkəmə prosesləri getdiyi müddətdə bizimdə reabilitasiya proseslərimiz gedir. Biz hər zaman onun yanındayıq və məhkəmə prosesi bitdikdən sonra onun məlumatlarına birdə baxış keçirilir, Sosial Xidmətlər Agentliyi gəlib ikinci dəfə onun qiymətləndirilməsini aparır. Bütün bu proseslərdən sonra onun ya ailəyə dönüşü, ya da dövlət müəssisəsinə yerləşdirilməsi ilə bağlı Sosial Xidmətlər Agentliyi tərəfindən qərar qəbul etdirilir. Bizdə isə bir növ tranzit xarakterlidir, yəni uşağın və yeniyetmənin burada qalması tranzit formadadır.
- Uşaq hüquqlarının qorunması ilə bağlı mövcud qanunvericilikdə hansı boşluqlar var?
- Biz bununla bağlı təkliflərimizi də vermişik. Düşünürəmki, Ailə Məcəlləsində valideyn vəzifələri və öhdəlikləri ilə bağlı maddələrdə bir qədər sərtləşdirilmə həyata keçirilməlidir. Çünki, kimi danışdırırsan deyir uşaq mənimdi özüm bilərəm. Birinci orada cümlə olmalıdır ki, uşaq dövlətindir. Dövlət bunun qanuni nümayəndəsidir, çünki o Azərbaycan vətəndaşıdır. Ümumilikdə düşünürəm ki, qanunvericilik mükəmməldir, sadəcə uşaq hüquqları haqqında qanunun mexanizmləri təkmilləşdirilməlidir. O mexanizmlər təkmilləşdikdən sonra bir uşaq belə kənarda qalmaz. Burada koordinasiya işinin dövlət qurumları ilə qeyri-hökümət təşkilatları və nəzdində olan xidmətlərin təşkili çox sıx həyata keçirilməlidir. Ondan sonra həmin qanunlar mükəmməl işləyəcək.
- Fəaliyyətiniz boyu hansı uşağın hekayəsi oldu ki, mən bu uşaqdan çox təsirlənmişəm?
- Mənim üçün hər bir uşağın həyat hekayəsi təsirləndiricidir. Əgər uşaq bu qapıdan içəri girirsə artıq təsiredici məqamdır. Hansısa uşağı xüsusi vurğulamaq düzgün çıxmaz, amma zamanında bir uşağa diqqət göstərilmədiyi halda, onun çox dəhşətli faciələrdən keçməsi və bizə yerləşdiriləndə artıq onu xilasetmə şansımızın olmaması mənim heç zaman ağlımdan silinməyəcək. Çünki qarşımızda çox ciddi ruh problemi yaranmış bir qızcığaz var idi. Biz onu ruhi xəstəxanaya yerləşdirməyə məcbur idik. Təəssüf ki, 1 il çəkmədi o dünyasını dəyişdi. Onun hüququnu 5-6 yaşından pozan ailə, hüququnu görməzdən gələn qohumlar, hüququnu cinayətkarların pozması idi və 15 yaşlı bir qızın həyatına son qoyuldu. Mən deyərdim ki, uşaq və yeniyetmələrin həyat hekayələrində bunun qədər bizə təsir edəcək, cəmiyyətə ağrı-acı, utanc yaşadacaq heç bir hadisə ola bilməzdi.