Məlumdur ki, yanvarın 1-dən etibarən işçiyə 400 manatdan aşağı məbləğdə əməkhaqqı verən şəxslər 1000 manatdan 1500 manatadək məbləğdə cərimə edilir. Lakin hələ də bu tələblə uzlaşmayanlar və qanunsuzluq edənlər var. Onlarla bağlı hansı tədbir görülməlidir? SİA mövzu ilə bağlı vəkil Turan Abdullazadənin fikirlərini öyrənib.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilib: "Aylıq iş vaxtı normasını işləyən və əmək funksiyasını yerinə yetirən işçinin aylıq əməkhaqqısı da 2025-ci il yanvarın 1-dən həmin məbləğdən az ola bilməz.
Bu səbəbdən Dövlət Əmək Müfəttişliyi Xidməti minimum aylıq əməkhaqqından aşağı əməkhaqqı qeyd edilmiş əmək müqavilələrinə qanunvericiliyin tələblərinə uyğun olaraq dəyişiklik edilməklə “Əmək və Məşğulluq” altsisteminə daxil edilməli olduğunu işəgötürənlərin diqqətinə çatdırmalıdır".
Turan Abdullazadə sözlərinə belə davam edib: "Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.3-cü maddəsinə əsasən işçiyə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş minimum əməkhaqqından aşağı məbləğdə əməkhaqqı verilməsinə görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Bu maddədə nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti baxır.
Qanunsuz hallarla qarşılaşan vətəndaşlar Dövlət Əmək Müfəttişliyi Xidmətinə yazılı və ya elektron qaydada şikayət ərizəsi ilə müraciət edə bilərlər. Bundan başqa e-sosial mobil tətbiq vasitəsilə də müraciətlərini edə bilərlər".
Ayşən Vəli