"İslam dini yalnız Qurandan ibarət deyil. İslam dini Quran və digər tərəfdən Rəsulullah və onun əhli-beytinin hədislərindən ibarətdir. İslam dini yalnız Qurandan ibarət sayılsa, o Rəsulullahın gətirdiyi İslam dini deyil. Peyğəmbərin və onun canişinlərinin kəlamları da önəmlidir. Qurani-Kərimi bizim üçün onlar izah etməlidirlər ki, şiə məzhəbində Quran'i və əhli-beyt hədisləri deyilir, əhli-sünnə qardaşlarımızın məzhəbində buna Quran və sünnə deyilir. Yəni, elə bir müsəlman tapmaq olmaz ki desin ki, İslam yəni Quran bütün normal müsəlmanlar İslamı Quran və hədisdən ibarət hesab edirlər". Bu sözləri SİA-ya açıqlamasında din xadimi Mircəfər Əyyubov deyib.
Mircəfər Əyyubov sözlərinə belə davam edib: "Sadəcə olaraq son zamanlar Quranilik deyilən bir cərəyan yaranır. Onlar hər şeyi Quranda axtarmağa çalışırlar və sanki zorla İslamı yalnız Quranın zahiri mənalarına məhkum etmək istəyirlər. Bu da məqbul deyil. Quran və hədisə əsasən yəni, İslama əsasən bir qızın ərə getmə vaxtı, bir oğlanın evlənmə vaxtı onun rəşid olması ilə əlaqədardır. Yəni bir oğlan və qız ailə olmaq imkanlarına malikdirlərsə, onları evləndirmək lazımdır.
Yaş həddi nədir? Burada yaş həddi yoxdur. Niyə yoxdur? Çünki İslam dini bir çox hökmləri insanların ağlı ilə sintez olaraq təyin edir. Məsələn, İslam deyəndə ki yemək yeyin, amma israf etməyin. İnsanın ağlına buraxıb ki, özün hesab et, nələr israf sayılır, nələr israf sayılmır öz ağlınla məntiqinlə. Evlilik də belə bir şeydir. Müstəsna hallarda cinsi ehtiyacın tələbatını ödəmək üçün ekstra bir vəziyyət kimi nəsə etməyə icazə verilir. Lakin qanun olaraq hökm budur ki, əgər bir qız ailə olmaq, uşaq saxlamaq, ana olmaq, ailəni idarə etmək, əri idarə etmək səviyyəsinə çatmışdırsa və bir oğlan da bu səviyyəyə çatmışdırsa onları evləndirmək lazımdır. Konkret yaş həddi təyin olunmayıb. Əlbəttə tibbi baxımdan bugün tibb elmi deyir ki, xanımların normal və ideal analıq vaxtı 17-18 yaş aralığıdır. Bu əsas tutula bilər. Lakin ola bilər bir qız 17-18 yaşdan da daha tez o səviyyəyə, səlahiyyətə çatsın və ya biraz gec o səviyyəyə, səlahiyyətə çatsın. Bir oğlan da həmçinin. Ona görə də xüsusi yaş həddi nəinki İslamda, ümumiyyətlə heç bir normal fəlsəfə və ideologiyada təyin edilməyib. Çünki bu müxtəlif hədlərdə dəyişir, individual vəziyyətə bağlıdır".
Ayşən Vəli