2720-ci ilə qədər Yaponiyada 14 yaşından kiçik yalnız bir uşaq ola bilər

10 Yanvar 2025 00:04 (UTC+04:00)

...Yaponiyada hazırkı doğum səviyyəsi davam edərsə, 2720-ci ilə qədər 14 yaşından kiçik bir uşaq qala bilər.

SİA-nın məlumatına görə, “The Japan Times” xəbər verir ki, bu proqnozu Toxoku Universitetinin professoru Xirosi Yoşida verib.

Yaşlanan cəmiyyətlərin tədqiqi üzrə ixtisaslaşmış Xirosi Yoşida 2012-ci ildən bəri hər il hesablamalarını dərc edir. Onlar ölkədə uşaqların sayının azalma sürətinə əsaslanır.

Ötən ilin aprelində bu göstərici illik 2,3 faiz təşkil edib.

Belə ki, Yaponiyada doğum səviyyəsinin vəziyyəti ciddi narahatlıq doğurur. Səhiyyə Nazirliyinin məlumatına görə, 2023-cü ildə ölkədə ümumi doğuş göstəricisi bir qadına 1,2 uşaq olmaqla rekord aşağı səviyyəyə düşüb.

Tokioda bu göstərici daha da aşağı olub - 0,99.

Beləliklə, Tokio Yaponiyada doğum səviyyəsinin birdən aşağı düşdüyü ilk şəhər olub. Proqnoz göstərir ki, 2720-ci il yanvarın 5-nə (695 il sonra) ölkədə 14 yaşına çatmamış cəmi bir uşaq qalacaq.

…Demoqrafik böhranın səbəblərindən biri də nikahların sayının azalmasıdır. 2020-ci il siyahıyaalınmasına əsasən, 50 yaşlı kişilərin təxminən 28 faizi, qadınların isə 17,8 faizi heç vaxt evlənməyiblər.

Müqayisə üçün qeyd edək ki, 1990-cı ildə bu rəqəmlər kişilər üçün 5,6, qadınlar üçün isə 4,3 faiz olub.

Doğuş səviyyəsinin aşağı düşməsi ilə mübarizə çərçivəsində Yaponiya hakimiyyət orqanları ailə quran gənclərin dəstəklənməsinə yönəlmiş tədbirlər hazırlayır.

Bu təşəbbüslərdən biri də müasir texnologiyaların tətbiqidir. Məsələn, tanışlıq proqramları Yaponiyada getdikcə populyarlaşır. 2024-cü il sorğusuna görə, 2023-cü ildə evlənən hər dördüncü cütlük belə proqramlarda tanış olub. 2024-cü ildə Tokio səlahiyyətliləri öz tanışlıq proqramını istifadəyə veriblər.

2024-cü ilin noyabrında aparılan bir araşdırma Yaponiyada gənclərin bir-birlərinə getdikcə daha az romantik maraq göstərdiyini göstərib.

Yaponiya Cinsi Maarifləndirmə Assosiasiyasının 12500 şagird arasında apardığı sorğuda oğlanların yalnız 20 faizinin və qızların 27,5 faizinin orta məktəbdə öpüşdüyü məlum olub. Bunlar 50 illik müşahidənin ən aşağı göstəriciləridir.

Gənclər də cinsi əlaqədən imtina edirlər.

Deyilənlərə görə, vəziyyətə guya pandemiya təsir etdib, bundan sonra məktəblilər “özünütəcrid” tendensiyasını davam etdirdilər və asudə vaxtlarını tək keçirməyə üstünlük veriblər.

…Bundan əvvəl məlum olub ki, Tokio hökuməti bütün dövlət qulluqçuları üçün dörd günlük iş həftəsi tətbiq etməyi planlaşdırır.

Yeni qaydalar 2025-ci ilin aprelində qüvvəyə minə bilər.

…Biz iş yükünü nəzərdən keçirəcəyik ki, qadınlar uşaq sahibi olduqlarına və ya böyüdüklərinə görə karyeralarını qurban verməsinlər. Tokionun qubernatoru Yuriko Koike deyib ki, Tokionun ölkə üçün bu çətin dövrlərdə xalqımızın həyatını və iqtisadiyyatını qorumaq və gücləndirməkdə liderliyi öz üzərinə götürməsinin vaxtı çatıb.

Əli Babayev