Monteneqro Qərbi Balkan regionunda Aİ üzvlüyünə ən yaxın ölkədir

9 Yanvar 2025 04:10 (UTC+04:00)

Qərbi Balkan regionu ölkələri Avropa İttifaqına (Aİ) üzvlük üçün hələ də “gözləmə zalındadır”. Monteneqro bu “qapıya” daha yaxın görünür və Aİ üzvlüyünə ən real ölkə kimi göstərilir. SİA xəbər verir ki, Brüsseldə və digər Aİ dairələrində Monteneqronun əlavə zəruri demokratik islahatlar həyata keçirməklə regionda ittifaqa üzv olan ilk ölkə ola biləcəyi ilə bağlı fikirlər var. Aİ dairələrində bu günə qədər üstünlük təşkil edən fikir isə rəsmi Podqoritsanın yeni üzv kimi Avropa klubuna daxil olmasının ləyaqətə əsaslanacağı olub.

Təhlilçilər və diplomatlar həmfikirdirlər ki, siyasi iradə namizəd ölkələrin demokratik və iqtisadi tərəqqisinin maddi sübutlarında, eləcə də Aİ-nin qeyd-şərtsiz və heç də asan olmayan daxili restrukturizasiyasında, xüsusilə qərar qəbuletmə üsullarına və büdcə imkanlarında təcəssüm etməlidir.

Monteneqroda qanunun aliliyi və məhkəmə sisteminin müstəqilliyində daha da islahatlar və transformasiya gözlənilir. Buna görə də ölkənin Aİ-yə üzvlüyünün mümkün olacağını gözləmək realdır.

Qeyd edək ki, hazırda Aİ-yə üzv olan ölkələrin sayı 27-dir. Balkan regionu ölkələrindən Sloveniya 2004-cü ildə, Xorvatiya isə 2013-cü ildə Aİ üzvü olub.

Aİ-nin genişlənmə planında Monteneqro, Bosniya və Herseqovina, Serbiya, Şimali Makedoniya, Albaniya və Kosovo kimi ölkələrin ittifaqa üzvlüyü nəzərdə tutulur. Monteneqro, Bosniya və Herseqovina, Serbiya, Şimali Makedoniya və Albaniya Aİ üzvlüyünə namizəd, Kosovo isə potensial namizəd ölkələr sırasındadır.