Zəngəzur dəhlizinin açılması Ermənistanın öhdəliyidir-ŞƏRH

8 Yanvar 2025 19:17 (UTC+04:00)

Zəngəzur dəhlizinin açılması Ermənistanın öhdəliyidir. Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziyalara müsahibəsində bu məsələ ilə bağlı dövlətimizin mövqeyini ifadə etdi. Bu səbəbdən də rəsmi İrəvanın məsələyə yanaşmada konstruktivlik nümayiş etdirməməsi yanlış addımdır.

SİA-nın məlumatına görə, bu fikirləri açıqlamasında Milli Məclisin deputatı Samir Vəliyev söyləyib.

O bildirib ki, Ermənistanın məqsədi Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında kommunikasiyanın bərpasına mümkün qədər əngəl olmaqdır. Lakin rəsmi İrəvan bu layihənin gerçəkləşməsinin qarşısını almaq iqtidarında deyil. Nəzərə almaq lazımdır ki, 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın 9-cu bəndində bu məsələ öz əksini tapır. Buradan göründüyü kimi, indiki Ermənistanın ərazisində yerləşən Zəngəzurdan hərəkət maneəsiz olmalıdır.

Deputatın sözlərinə görə, regionda kommunikasiyaların bərpası təkcə Azərbaycan üçün deyil, bütün ətraf ölkələr üçün böyük önəm kəsb edir. İlk növbədə, Zəngəzur dəhlizi Naxçıvanla Azərbaycanın əsas hissəsini birləşdirəcək. Bununla da Naxçıvanın 30 ildən çox davam edən blokadasına son qoyulacaq. Eyni zamanda, dəhliz fəaliyyətə başladıqdan sonra Azərbaycanın tranzit imkanları daha da genişlənəcək. Son illərdə Azərbaycan Avrasiyanın yeni nəqliyyat xəritəsini formalaşdırıb və hazırda bu geniş coğrafiyanın bütün əsas yolları məhz ölkəmizdə kəsişir. Zəngəzur dəhlizi bu bağlantıda yeni və çox mühüm həlqə təşkil edəcək. Məsələ ondadır ki, Zəngəzur dəhlizinin açılması Ermənistan üçün də faydalıdır. Çünki bu dəhliz vasitəsilə onlar da iqtisadi dividend qazanacaqlar.

“Görünür, Nikol Paşinyanı idarə edən xarici qüvvələr ona Zəngəzur dəhlizinin açılmasına icazə vermir. Amma proseslər göstərir ki, Ermənistan müəyyən məsələlərdə konstruktivlik göstərməsə, sonradan buna məcbur edilir. N.Paşinyana vəd verən xarici qüvvələr də məkrli planlarını icra edə bilmirlər. Zəngəzur dəhlizinin müxtəlif yollarla açılması ehtimalı olsa da, Ermənistan bu dəhlizi açmağa məcbur qalacaq. Çünki Prezident İlham Əliyevin dediyi kimi, regionda söz sahibi Azərbaycan dövlətidir. Dövlətimizin başçısının bu mesajından qarşı tərəf nəticə çıxarmalıdır”, - deyə Samir Vəliyev vurğulayıb.