"Cənab Prezident İlham Əliyevin yanvarın 7-də yerli televiziya kanallarına verdiyi geniş müsahibə Azərbaycanda və qlobal müstəvidə baş verən proseslərin real mənzərisini əks etdirdi". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı deyib.
Günay Ağamalı sözlərinə belə davam edib: "Bir çox aktual mövzulara toxunan ölkə rəhbərimiz Zəngəzur dəhlizi, Türkiyə-Azərbaycan münasibətləri və ikitərəfli əlaqələr fonunda yeni bir güc mərkəzi, Türk Dövlətləri Təşkilatı ilə bağlı perspektivləri aktuallaşdırdı.
Bilindiyi kimi 44 günlük Vətən Müharibəsi Azərbaycanın Ermənistan üzərində parlaq hərbi və diplomatik qələbəsi ilə yekunlaşdı. Tarixi Zəfərdən sonra Azərbaycan orbitində Cənubi Qafqazda yeni hərbi-siyasi konfiqurasiya formalaşdı. Xüsusilə, Prezident İlham Əliyev tərəfindən Zəngəzur dəhlizi layihəsinin üçtərəfli bəyanatın müddəaları sırasına əlavə edilməsi siyasi peşəkarlıq nümunəsi idi. Türk yolu olaraqda adlandırdığımız Zəngəzur koridoru Qlobal əhəmiyyətli Orta Dəhlizin mühüm komponentidir. Bu layihə Türkiyə və Azərbaycan arasında fiziki əlaqələri bərpa etməklə yanaşı, Mərkəzi Asiya Türk Dövlətləri ilə də iqtisadi-siyasi inteqrasiyanı dərinləşdirəcək. Çünki əsrlər öncə Rusiya imperiyası tərəfindən Qafqazda forpost Ermənistan dövlətinin yaradılması məhz türk dünyası arasında fiziki əlaqələri kəsmək kimi çirkin planın tərkib hissəsidir.
Artıq dünyada yeni geosiyasi nizam formalaşır. Belə olduğu təqdirdə yeni nizam kontekstində Türkiyə və Azərbaycan liderliyində Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında siyasi, iqtisadi və mədəni əməkdaşlığı inkişaf etdirmək regionun gələcək təhlükəsizliyi, stabilliyi baxımından olduqca əhəmiyyətlidir. Dövlət başçısının Zəngəzur dəhlizi mütləq açılacaq fikrini səsləndirməsi gələcəkdə hadisələrin hansı istiqamətdə inkişaf edəcəyini aydınlaşdırır. Hesab edirəm ki, Ermənistan rəhbərliyi cənab Prezident İlham Əliyevin qətiyyətli və prinsipal çıxışından dərs çıxararaq üzərinə götürdüyü öhdəliklərə çox gec olmadan əməl edəcək".
Ayşən Vəli