İngiltərədəki xəstəxanalarda "kritik vəziyyət" elan edildi

8 Yanvar 2025 16:12 (UTC+04:00)

İngiltərədə bir çox xəstəxanalar qrip və digər tənəffüs yolları xəstəliklərinin artmasının yaratdığı təzyiqlərə görə "kritik vəziyyət" elan edib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, xəstələrə alternativ səhiyyə xidmətlərindən istifadə etmələri barədə xəbərdarlıq edilib.

"Royal Liverpool" Universiteti xəstəxanasının tibb direktoru Oliver Zuzan verdiyi açıqlamada, həkimlərin xəstələri mümkün qədər tez müalicə etmək üçün çox çalışdıqlarını, lakin ən təcili xəstələrə üstünlük verildiyi üçün bəzi insanların daha çox gözləməli olacağını söyləyib: "Vəziyyətiniz təcili deyilsə, ailə həkiminiz, yerli aptek və ya ambulatoriya mərkəzləri kimi digər xidmətlərdən istifadə etməyi düşünün".

"Birmingham" Universitet xəstəxanalarının saytında təcili yardım xidmətlərinin hazırda çox məşğul olduğu barədə xəbərdarlıq da var. "Hampshire" xəstəxanaları və "Plymouth" Universiteti xəstəxanaları da təcili xidmətlərə artan təzyiqə diqqət çəkərək oxşar xəbərdarlıqlarla kritik bir vəziyyət elan ediblər. Surrey bölgəsindəki səhiyyə rəsmiləri də bölgədəki bütün xəstəxanaların "ciddi təzyiq" altında olduğunu açıqlayıb.