2021-ci il yanvarın 8-də “YAŞAT” Fondunun “yashat.gov.az” portalı istifadəyə verilib. Həmin tarixdə, həmçinin Fondun 8110 Çağrı Mərkəzi fəaliyyətə başlayıb. Bu günə qədər Çağrı mərkəzinə 242 mindən çox vətəndaş zəngi daxil olub, şəhidlərimizin ailə üzvlərinin və yaralıların ümumilikdə 66 mindən çox müraciəti qeydiyyata alınaraq aidiyyəti üzrə yönləndirilib. Bunların 40 minə qədəri şəhidlərimizin ailə üzvlərinin, 26 mindən çoxu isə yaralılarımızın müraciətləridir. Bu barədə SİA-ya Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Xatırladaq ki, “8110” Çağrı mərkəzinə zənglər tam ödənişsizdir.
“YAŞAT” Fondu Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 8 dekabr tarixli Fərmanına əsasən yaradılıb. Fond Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş hərbi qulluqçuların və şəhid olmuş şəxslərin ailələrinin üzvlərinin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi üçün şəffaf, səmərəli və əlçatan platformanın formalaşdırılması məqsədilə yaradılıb.