"Prezident İlham Əliyev yerli televiziyalara müsahibəsində faktiki olaraq ötən dövrü bütün parametrlər üzrə qiymətləndirdi, habelə prioritetləri bəyan etdi. Əlbəttə, bir daha aydın oldu ki, Qarabağın bərpası, Qayıdış prosesi, Zəngəzur dəhlizi və ölkənin inkişafı, sosial-iqtisadi rifahın daha da yaxşılaşdırılması, təhlükəsizlik məsələləri əsas hədəflərdir. Bu yöndə atılacaq addımlar barədə dövlətimizin başçısı ətraflı məlumatlar verdi". Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Elşad Məmmədli deyib.
Elşad Məmmədli sözlərinə belə davam edib: "Qlobal siyasətlə, bu kontekstdə Azərbaycanın hədəfləri ilə bağlı cənab İlham Əliyev çox əhatəli danışdı, bütün istiqamətlər üzrə kifayət qədər açıq və net mesajlar verdi. Təbii ki, müvafiq ölkələr, təşkilatlar bundan özləri üçün nəticələr çıxarmalıdırlar.
Dövlət başçımız bir daha bəyan etdi ki, xarici siyasət üzrə daim qardaş Türkiyə ilə birgə addımlayacağıq. Mühüm məqamlardan biri də İranın Azərbaycana qarşı arzuolunmaz siyasət yürütməsinə, yaranmış gərginliyin günahının yalnız cənub qonşumuzda olmasına dair Prezidentimizin dedikləridir. Prezident faktiki olaraq İranın ali rəhbərliyindən mövqe və haqlı olaraq üzr tələbini qoydu.
İkinci Qarabağ müharibəsi başa çatandan sonra İran maşınlarının Qarabağa Ermənistandan gəlib-getməsi tam deşifrə olunub, Tehran isə Azərbaycanın xəbərdarlıqlarına baxmayaraq bu qanunsuzluqları dayandırmayıb.
Dövlət başçımızın sözlərindən aydın oldu ki, rəsmi Bakının İrana dövlət rəsmiləri səviyyəsində xəbərdarlığına məhəl qoyulmadıqdan sonra İran səfiri Xarici İşlər Nazirliyinə dəvət edilib, ona etiraz notası verildi və bu məsələlər ictimailəşdirilib. Göründüyü kimi, Azərbaycan son ana qədər münasibətlərin pozulmaması üçün əlindən gələni edib, ancaq Tehran siyasi mədəniyyətdən, normal qonşuluq ölçülərindən kənar davranışlarını daha da artırıb, üstəlik səfirliyimizdə terror aktı həyata keçirilib.
Prezident xüsusi olaraq xatırlatdı ki, terror aktını törədən şəxs barədə hökm iki ildə nəinki icra edilməyib, hətta iş yenə də istintaqa göndərilib. Eyni zamanda Azərbaycan lideri Ərdəbil mollasının, əyalət mollasının Azərbaycana, xalqımıza qarşı təhqiramiz davranışına görə də İran rəhbərliyindən bəlli tələbləri etdi. Düşünürəm ki, bunlar İran tərəfinə ciddi ismarıclar idi. Yəni Azərbaycan dövləti Tehranı həm xəbərdar edir, həm də ölkəmizin münasibətlərin normallaşmasında maraqlı olduğunu, bunun üçün isə bu xoşagəlməz əməllərə görə üzr istənilməsi, təkrarlanmaması tələbi qoyulur. Əgər İran normal münasibətlərdə maraqlıdırsa, qoyulan tələblər şərtsiz yerinə yetirilməlidir. Təbii ki, bundan sonra Azərbaycan hər sahədə əməkdaşlıqlara hazırdır".
Ayşən Vəli