Müstəqil Azərbaycanın müasir mətbuat tarixində öz dəst-xətti ilə seçilən, fəaliyyətə başladığı gündən xalqımızın azadlıq arzularına səs verən "Səs" qəzetinin yaranmasından bu ilin yanvarın 11-də 34 il ötür. "Səs" qəzeti bütün bu illər ərzində təkcə cəmiyyətin informasiya ilə təmin olunması funksiyasını yerinə yetirməmiş, eyni zamanda, Azərbaycanda ictimai fikrin obyektiv və düzgün əsaslarla formalaşması sahəsində böyük xidmətlər göstərmiş, gərgin mübarizədə müstəqilliyini bərpa edən ölkəmizin siyasi sisteminin milli maraqlara uyğun qurulmasında mühüm rol oynamışdır. Bəs gəlin görək, "Səs" qəzeti Azərbaycan mətbuatında necə qəbul olunur və hansı xüsusiyyətlərinə görə seçilir? Media kapitanları bu barədə öz fikirlərini bildirib.
Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının üzvü Vüqar Zifəroğlu: "İlk növbədə "Səs" qəzetinin dəyərli kollektivini nəşrinin 34-cü ildönümü münasibətilə ürəkdən təbrik edirəm! "Səs" qəzeti uzun illərdir ki, cəmiyyətimizin mühüm məsələlərinə işıq tutaraq, oxucularını obyektiv və dolğun informasiya ilə təmin edir.
Azərbaycanın media məkanında özünəməxsus rolu və xidmətləri olan "Səs" qəzeti, yalnız informasiya daşıyıcısı kimi deyil, həm də milli dəyərlərimizin və ictimai şüurun formalaşmasında vacib bir platforma kimi seçilir. Qəzetin redaksiya heyətinin peşəkarlığı və prinsipiallığı, oxuculara səmimi xidmət və inandırıcı mövqe hər zaman yüksək qiymətləndirilir. Bu əlamətdar gündə sizə yeni uğurlar, davamlı inkişaf və daha böyük nailiyyətlər arzu edirəm. Qoy, "Səs" qəzeti gələcəkdə də öz oxucularını dəyərli yazılarla sevindirsin və ölkəmizin informasiya məkanında öz mövqeyini daha da möhkəmləndirsin. Sizin hər birinizi ürəkdən təbrik edir və böyük uğurlar arzu edirəm!".
“İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə: "“Səs” qəzeti Azərbaycanda ilk müstəqil mətbuat orqanlarından biridir. Azərbaycanın müstəqillik illərinin və bu illərdə baş vermiş hadisələrin şahidi olan, həmçinin o dövrün tarixi salnaməsini yaradan “Səs” qəzeti hər zaman obyektivliyi, qərəzsiz fəaliyyəti, milli maraqlarımıza və dövlətçiliyimizə sədaqəti ilə də diqqətdə olub.
Nəşr Azərbaycanın çox ağır günlərində fəaliyyətə başlayıb. 1991-ci il yanvarın 11-də ilk sayı işıq üzü görən “Səs” qəzeti tarixi zərurətdən yaranan mətbuat orqanıdır. Yarandığı dövrün gərgin ictimai-siyasi şərtlərinə baxmayaraq “Səs” qəzeti dövlətçilik mövqeyindən heç vaxt geri çəkilməyib. Qəzet fəaliyyət göstərdiyi bütün dövrlərdə dövlətçilik, azərbaycançılıq ideologiyasının carçısı olmuş, cəmiyyətdə siyasi plüralizmə kəskin ehtiyac duyulduğu həmin illərdə sağlam düşüncəli vətənpərvər ziyalıların tribunası rolunu oynamışdır. Sağlam əqidə, milli özünüdərk ruhunda köklənmiş insanları ətrafında birləşdirən “Səs” qəzeti heç zaman öz yolundan dönməmiş, Ümummilli Lider Heydər Əliyevin ideyalarını qətiyyətlə təbliğ etmişdir. Bu mühüm məqamı da qeyd etməliyik ki, hazırda ölkədə gedən bütün proseslərin mərkəzində dayanan, nəinki Azərbaycanın, regionun aparıcı siyasi təşkilatına çevrilən Yeni Azərbaycan Partiyasının yaradılmasını zərurətə çevirən reallıqların, partiyanın təşkilatlanması prosesinin təbliğində “Səs” qəzeti fəal iştirak edib. Qəzet bu gün də Ulu Öndər Heydər Əliyev ideyalarının, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi siyasətin təbliğ edilməsində mühüm rol oynayır.
34 illik şərəfli yol qət edən “Səs” qəzeti bu gün böyük oxucu auditoriyası qazanaraq cəmiyyətin informasiya tələbatının ödənilməsinə öz töhfəsini verir. Qəzetin bu gün çoxsaylı mətbu orqanlar sırasında özünəməxsus yer tutmasını şərtləndirən mühüm amillərdən biri tutduğu yola sadiqliyi, dövlətə, dövlətçiliyə xidməti fəaliyyətinin əsas prinsipi kimi qəbul etməsi, dövrün reallıqlarını obyektiv şəkildə ictimaiyyətə catdırmasıdır. “Səs” çoxşaxəli fəaliyyəti ilə oxucularının informasiya tələbatını ödəyir. Belə ki, qəzet ilə yanaşı, “Səs” İnformasiya Agentliyi, SƏS İnternet Televiziyası uğurla fəaliyyət göstərir.
Müstəqil milli mətbuatımızın inkişafında özünəməxsus yeri olan “Səs” qəzetinin jurnalist məktəbimizin formalaşmasında da xidmətləri danılmazdır. Bir zamanlar bu qəzetin redaksiyasında çalışan bir çox həmkarlarımız bu gün müxtəlif sahələrdə və fərqli ünvanlarda uğurla fəaliyyət göstərirlər. 34 yaşı tamam olan “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev başda olmaqla bütün kollektivi təbrik edir, onlara yeni-yeni yaradıcılıq uğurları arzulayıram".
"Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev: ""Səs" qəzeti Azərbaycanın müstəqilliyi ilə yaşıd olan mətbuat orqanıdır. Azərbaycanın bütün müstəqillik tarixi ərzində, yəni 33 il ərzində "Səs" qəzeti həm baş verən proseslərin xronikasını yaratmaq baxımından tarixi rol oynayıb, həm də bir siyasi tribuna olaraq proseslərin müəyyəb istiqamətdə təşkil olunmasına öz töhfəsini verib. Bu qəzetin yarandığı gündən siyasi fəaliyyət kursu apardığı hamıya bəllidir və onun mətbuat, informasiya funksiyası ilə bərabər siyasi bir funksiyası olub ki, bu da Azərbaycan dövlətçiliyinin yaranması, formalaşması və gücləndirilməsi maraqlarına xidmət edib.
Bu mənada "Səs" qəzetinin tarixi həm də Azərbaycan dövlətçiliyi uğrunda mübarizə tarixidir. Azərbaycan dövlətçiliyi ilə nəinki zaman etibarı ilə həmyaşıddır, eyni zamanda dövlətçiliyin problemlərinin həll olunması üçün ictimaiyyətin fikrinin toplanmasında "Səs" qəzeti öz rolunu oynayıb. "Səs" qəzetinin bu işlərdə əvəzsiz rolu olub".
Ayşən Vəli