Qəzzada xəstəxanalar ölüm tələsinə çevrilib - BMT

8 Yanvar 2025 12:50 (UTC+04:00)

Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi İsrailin hücumuna məruz qalan Qəzza zolağında xəstəxanaların "ölüm tələlərinə" çevrildiyini açıqlayıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Agentlik 7 oktyabr 2023-cü ildən İsrailin hücumuna məruz qalan Qəzza zolağında yaşanan humanitar böhranla bağlı yazılı açıqlama verib.

İsrailin hücumları nəticəsində Qəzzada ailələrin dağıldığı, uşaqların donaraq öldüyü bildirilib. Təl-Əviv rəhbərliyinin humanitar yardımların ölkəyə girişinə tətbiq etdiyi məhdudiyyətlər səbəbindən qida böhranının artdığı Qəzzada aclıq səbəbi ilə həyatların qısaldığı diqqətə çatdırılıb.

İsrailin müxtəlif iddialarla tez-tez hədəf aldığı Qəzzada xəstəxanaların "ölüm tələsinə çevrildiyi" qeyd edilib. Fələstin Səhiyyə Nazirliyinin məlumatına görə, Qəzzada 36 xəstəxanadan yalnız 14-ü qismən xidmət göstərir. Bu xəstəxanalarda kifayət qədər humanitar yardım çatdırmaq mümkün olmadığından dərman və tibbi ləvazimat çatışmazlığı yaranıb. İsrail qüvvələri sonuncu dəfə dekabrın 27-də Qəzzanın şimalında Kemal Advan xəstəxanasına basqın edərək onu təxliyyə edib və bu xəstəxananın xidmətdən çıxmasına səbəb olub.