Azərbaycanda doğum şəhadətnaməsinə müraciət rəqəmsallaşdırılıb. Bu barədə SİA-ya İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyindən bildirilib.
Belə ki, valideynlər yeni doğulmuş övladlarının doğumu haqqında şəhadətnaməni qeydiyyat orqanlarına getmədən tamamilə rəqəmsal formada “mygov” tətbiqi vasitəsilə əldə edə bilərlər.
Uşaq dünyaya gəldikdə Ədliyyə Nazirliyi tərəfindən “mygov” tətbiqi üzərindən doğumun qeydiyyata alınması ilə bağlı valideynə bildiriş göndərilməsi xidməti yaradılıb. Valideynlər tətbiqə daxil olaraq “Həyat hadisələri” bölməsindən “Valideyn olmaq” seçimini edib, “Doğum şəhadətnaməsinə müraciət” bölməsinə keçid edərək tələb olunan məlumatları sistemə daxil edirlər. Prosesin gedişatında:
Müraciət tamamlandıqdan sonra seçilmiş qeydiyyat orqanında doğum dövlət qeydiyyatına alınır və uşağın doğumu haqqında şəhadətnamə rəqəmsal formatda “mygov” platformasında “Ailə məlumatlarım” bölməsində əks olunur. Həmçinin vətəndaşın müraciəti əsasında ona seçdiyi qeydiyyat orqanı tərəfindən kağız daşıyıcıda doğum haqqında şəhadətnamə də təqdim edilə bilər.
Birdəfəlik müavinətin əldə edilməsi:
Uşağın anadan olmasına görə birdəfəlik müavinətin əldə edilməsi bu prosesin bir hissəsidir. Proses zamanı doğumun qeydiyyatına dair məlumat avtomatlaşdırılmış qaydada Dövlət Sosial Müdafiə Fonduna yönləndirilir və həmin qurum tərəfindən birdəfəlik müavinətin ödənilməsi üçün proaktiv qaydada təyinat aparılır. Valideynlər müavinəti “Kapital Bank”a məxsus “Birbank” mobil tətbiqindən əldə edə bilərlər.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 16 iyul 2024-cü il tarixli Fərmanına əsasən, doğum haqqında şəhadətnamə məlumatlarının “mygov” platforması üzərindən təqdim edilməsi, fiziki sənədin təqdim edilməsi ilə eyni hüquqi qüvvəyə malikdir.