Gürcüstanda qaçırılan rus turistin meyiti tapılıb

6 Yanvar 2025 21:16 (UTC+04:00)

...Gürcüstan Daxili İşlər Nazirliyi ölkədə qaçırılan rusiyalı turistin meyitinin tapıldığını açıqlayıb.

SİA-nın əldə etdiyi məlumata görə, Gürcüstanın Mtavari telekanalı xəbər verir ki, kişi Nakra çayında həyat əlamətləri olmadan tapılıb.

Asayiş keşikçiləri cinayət törətməkdə şübhəli bilinən iki şəxsi - 1986 və 1992-ci il təvəllüdlüləri saxlamağa müvəffəq olublar.

İstintaq müəyyən edib ki, təqsirləndirilən şəxslər 2025-ci il yanvarın 5-də Zuqdidi şəhərindən Mestiaya gedən iki xarici vətəndaşı qarət ediblər.

Şübhəlilər cütlüyün mobil telefonlarını oğurlayıblar. Ruslardan biri güllələnib. Cinayəti gizlətmək üçün turistin meyiti çaya atılıb.

İki gün ərzində əməliyyat-istintaq tədbirləri həyata keçirilib, helikopter cəlb olunub.

Gürcüstan Daxili İşlər Nazirliyi Rusiyadan gələn ər-arvadlara hücum edən quldurları axtarışa verib.

Mestia bələdiyyəsinin Nakra kəndində cinayətkarlar ruslara hücum ediblər. Naməlum şəxslər qadını zorlamağa cəhd edib və ərindən maşından düşməsini istəyiblər, bundan sonra atəş açaraq kişini yaralayıblar.

Hücum edənlər cinayətin izlərini gizlətməyə çalışaraq əri maşına mindiriblər. Tezliklə hüquq-mühafizə orqanlarının əməkdaşları avtomobili tapıblar, lakin içərisində Rusiya vətəndaşı olmayıb. Hadisə ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin quldurluq və qanunsuz olaraq odlu silah əldə etmə, saxlama və gəzdirməni nəzərdə tutan 179 və 236-cı maddələri ilə istintaq başladılıb.

Əli Babayev