İfrat sağçılar tərəfindən törədilən rekord sayda cinayətlər...

6 Yanvar 2025 18:43 (UTC+04:00)

2024-cü ildə Almaniyada ifrat sağçılar tərəfindən törədilən cinayətlərin sayı ən yüksək həddə çatıb.

SİA-nın məlumatına görə, Almaniya yerli mediasına istinadla xəbər verilir ki, polis 2024-cü il noyabrın 30-dək olan müddətdə ifrat sağçılar tərəfindən törədilmiş siyasi motivli 33 min 963 fakt qeydə alıb. BKA 2023-cü ildə 28 min 945 ifrat sağçı cinayət törədildiyini bildirib. Beləcə, 2024 statistikalarında bir öncəki ilə nisbətlə 17,34 faiz artım qeydə alınıb.

Verilən məlumata görə, cinayətlərin 1136-sı zorakılıq xarakterli olub. Qeyri-qanuni hərəkətlərin 21 min 311-i təbliğat, 5 min 97-si təhrik və geri qalanları isə digər hallarla bağlı olub.

Yekun hesabat bu ilin mayında Federal Kriminal Polis İdarəsi (BKA) tərəfindən təqdim ediləcəyi üçün dekabrda törədilən cinayətlər də əlavə edildikdə ümumi rəqəmin daha çox olacağı gözlənilir.

Sol Partiyanın Federal Məclis üzvü və ifrat sağ mövzusunda mütəxəssis Martina Renner “Redaktionnetzwerk Deutschland” media quruluşuna verdiyi açıqlamada "İfrat sağçılar və neonasistlər tərəfindən törədilən rekord sayda cinayətlər narahatlıq doğurmalıdır" dedi. Son illərdə ifrat sağçı cinayətlərin daim artdığına diqqət çəkən Renner "Bu təhlükəli inkişafı dayandıracaq ciddi daxili siyasət tədbirlərinə dair heç bir işarə yoxdur" ifadəsini işlətdi.