Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsi rəisinin rəhbərlik etdiyi nümayəndə heyəti hərbi əməkdaşlıq danışıqlarının aparılması məqsədilə Serbiya Respublikasına səfər edib.
SİA-nın məlumatına görə, müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, səfər çərçivəsində nümayəndə heyəti Serbiya Respublikası müdafiə nazirinin köməkçisi Predrag Bandiç tərəfindən qəbul edilib, daha sonra hər iki ölkənin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin nümayəndələri arasında ikitərəfli görüş keçirilib.
Görüş zamanı tərəflər arasındakı hərbi əməkdaşlığın cari vəziyyəti təhlil edilib və inkişaf perspektivləri müzakirə olunub, eləcə də qarşılıqlı maraq doğuran mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb. Bu xüsusda 2024-cü il üçün hərbi əməkdaşlıq planında nəzərdə tutulmuş fəaliyyətlərin implementasiyasından məmnunluq ifadə edilib.
Səfər proqramına əsasən, nümayəndə heyəti Serbiya Respublikasının Sülhməramlı Əməliyyatlar Mərkəzinin fəaliyyət istiqamətləri ilə tanış olub.
Rəsmi fəaliyyətlərin sonunda “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Serbiya Respublikasının Müdafiə Nazirliyi arasında 2025-ci il üçün hərbi əməkdaşlıq Planı” imzalanıb.