Türkiyənin Azərbaycanla həmsərhəd İğdır vilayətində “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus təyyarənin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində həlak olanların xatirəsi ehtiramla anılıb.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Türkiyə-Azərbaycan Dostluq Cəmiyyətləri Federasiyası və “Azərbaycan Evi”nin təşəbbüsü ilə dekabrın 28-də İğdırda anım tədbiri keçirilib. Tədbir iştirakçıları təyyarə qəzası zamanı həlak olanların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
İğdır-Azərbaycan Dil, Tarix və Mədəniyyət Birliyini Yaşatma və Dəstəkləmə Dərnəyinin sədri Ziya Zakir Acar Türkiyə xalqının qardaş Azərbaycanın ağrısını bölüşdüyünü qeyd edib. O, təyyarə qəzasında həlak olanların ailələrinə başsağlığı verib, yaralananların tezliklə sağalmasını diləyib.
“Azərbaycanda elan edilən matəmlə əlaqədar biz də Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş bayram tədbirlərini ləğv etdik. Ümid edirəm ki, belə faciələr bizim ölkələrimizdən yan keçəcək”, - deyə o bildirib.
Cəmiyyətin rəhbəri mülki təyyarənin düşməsinə səbəb olan təyyarəyə xarici təsirlərin olması ilə bağlı iddialara diqqət çəkib.
İğdırdakı “Azərbaycan Evi”nin rəhbəri Serdar Ünsal faciə qurbanlarının ailələrinə və yaxınlarına başsağlığı verib. O, Türkiyə Cümhuriyyətinin qurucusu və ilk Prezidenti Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri isə kədərimizdir” sözlərini xatırladıb.
“Türkiyə xalqı qardaş Azərbaycanın faciəsinə şərikdir. Biz hər zaman dost ölkəni dəstəkləməyə hazırıq. Təyyarə qəzasında həlak olanların xatirəsi bizim qəlbimizdə yaşayacaq”, - deyə o əmin edib.
Tədbir iştirakçıları Qazaxıstanda baş vermiş faciədə həlak olanların xatirəsinə tədbir zalına 38 gül dəstəsi qoyublar.