Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) təşkilatçılığı ilə müxtəlif media qurumlarının nümayəndələri üçün “2024-2026-cı illər üzrə Kommunikasiya Strategiyası” çərçivəsində “Tibbi savadlılıq” mövzusunda təlim keçirilib. SİA-nın məlumatına görə, təlimdə ilk olaraq “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus təyyarənin Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində həlak olan şəxslərin xatirələri bir dəqiqəlik sükutla yad edilib.
TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova ilk olaraq departamentin builki fəaliyyəti və uğurları barədə məlumat verib.
Z.Ədilova bildirib ki, 2024-cü il ərzində müxtəlif media subyektlərindən ümumilikdə 2 342 sorğu daxil olub:
“Onlardan 2 277-si (97,2%-i) cavablandırılıb. Cavablandırılmayan sorğular isə TƏBİB-in səlahiyyətlərinə aid olmayan məqamlarla bağlı olub”.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova çıxışında qeyd edib ki, cari il ərzində Agentlik əhali arasında 2 növ sorğunun keçirilməsini təmin edib:
“Belə ki, əhali arasında icbari tibbi sığorta haqqında məlumatlılıq və sığorta çərçivəsində göstərilən tibbi xidmətlərdən məmnunluq səviyyəsinin ölçülməsi ilə bağlı sorğu keçirilib. Bundan başqa, Agentlik tərəfindən aparılan maarifləndirmə kampaniyalarının effektivliyinin ölçülməsi məqsədilə 2-ci sorğu həyata keçirilib. Sorğuların nəticələri əsasında tibbi xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsi, həmçinin əhalinin məlumatlandırılması məqsədilə kommunikasiya kanallarının optimallaşdırılması nəzərdə tutulub”.
Daha sonra jurnalistlərin birbaşa iştirakı ilə əyani formada ilk tibbi yardım üzrə mulyajlarla simulyasiya təlimi təşkil edilib.
Təlimin ikinci hissəsində Bakı Dövlət Universitetinin pedaqoqu Anzulə Pərvizqızı təqdimatla çıxış edərək, media savadlılığı mövzusunda danışıb.
Həkim-psixiatr, biznes təlimçi Həlimə Qəmərlinskayanın “Beyinin produktivliyi: hər sahədə uğurun birinci açarı” mövzusunda təqdimatla çıxış edib.
Tədbirin rəsmi hissəsində TƏBİB-in İcraçı direktorun müavini Araz Nəsirov çıxış edərək bildirib ki, media nümayəndələri dövlət qurumları ilə ictimaiyyət arasında körpü rolunu oynayır.
A.Nəsirov səhiyyə sahəsində aparılan işlərin doğru və ətraflı şəkildə vətəndaşlara çatdırılmasında iştirak edən media nümayəndələrinə təşəkkür edib.
Sonda təlimdə iştirak edən media nümayəndələrinə TƏBİB ilə səmərəli əməkdaşlığa, tibbi savadlılıq təlimində iştirakına görə sertifikatlar təqdim edilib.