Azərbaycan Dövlət Kukla Teatrı “Şaxta Baba haradadır?” tamaşasının premyerası ilə həssas qruplardan olan uşaqları sevindirib. Teatrın mətbuat xidmətindən SİA-ya bildirilib ki, ənənəyə sadiq qalan sənət ocağının builki premyerasının da ilk qonaqları Vətən müharibəsi şəhid və qazilərinin övladları, eləcə də əlilliyi olan uşaqlar olublar.
Onlar əvvəlcə kuklaçıların Müstəqil “Oyuq” Uşaq Teatrı yetirmələri ilə birgə tamaşaya baxıblar, ardınca bayram hədiyyələrini alıblar.
Qeyd edək ki, birhissəli uşaq tamaşasını səhnələşdirən və quruluşçu rejissoru Saida Haqverdiyeva, quruluşçu rəssamı İqbal Əliyevdir. Tamaşada personajları (kukla və canlı plan olmaqla) teatrın aktyorları Aygül Ağayeva, Səriyyə Mansurova, Cavid Telman, Elnur Xəlilov, Araz Həsənli, Elxan İsmayılov, Könül Nəsibova, Vüqar İsmayılov, Səbinə Məmmədova və digərləri canlandırırlar.
Musiqi tərtibatlı tamaşanın əsas ideyası uşaqları nağıllar aləminə aparmaqla onların bu sehr dolu dünya ilə təmasına nail olmaqdır.
Səhnə əsərində cərəyan edən hadisələr ümumilikdə əyləncəli məzmun kəsb etsə də, burada əsas mahiyyət balaca tamaşaçılara xeyirxahlıq, dürüstlük, özünə inam və ətrafa sevgi aşılamaqla onları bəd əməllərdən, pislik və paxıllıqdan uzaq saxlamaqdır.
Birsaatlıq səhnə işində milli və dünya klassik nağıl qəhrəmanları, az qala hamımıza tanış personajlar bir səhnədə toplaşaraq şənliyə gedərkən yolunu itirib sıx meşənin dərinliklərində azan Şaxta Babanı axtaracaqlar. Arabir bu işə tamaşaçıları da sövq edəcəklər.
Macəra dolu tamaşa yanvarın 5-dək hər gün dörd seans nümayiş olunacaq.