Ötən il Azərbaycan-BMT əlaqələrinin inkişafında müsbət dinamika müşahidə edilib - XİN

28 Dekabr 2024 16:08 (UTC+04:00)

Beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq Azərbaycan Respublikası, əvvəlki illərdə olduğu kimi, 2024-cü ildə də dünyada sülh, təhlükəsizlik və dayanıqlı inkişafın təmin olunması və bu kontekstdə beynəlxalq təşkilatlar çərçivəsində çoxtərəfli əməkdaşlığa öz töhfəsini verib. SİA xəbər verir ki, bu barədə məlumat Azərbaycanın Xarici İşlər Nazirliyi 2024-cü ilin yekunlarına dair hesabatında əks olunub.

Azərbaycan-BMT əlaqələrinin inkişafında müsbət dinamika müşahidə edilib, qarşılıqlı səfərlər həyata keçirilib. Bu xüsusda, BMT Baş katibi Antonio Qutereşin COP29 çərçivəsində Azərbaycana səfərləri baş tutub. Azərbaycan son 4 ildə Qoşulmama Hərəkatına (QH) uğurla sədrlik edərək 19-20 yanvar tarixlərində Uqandanın Kampala şəhərində keçirilmiş QH-nin Dövlət və Hökumət Başçılarının 19-cu Zirvə Görüşündə Hərəkatın sədrliyini Uqanda tərəfinə təhvil verib. Azərbaycanın təşəbbüsü və səyləri nəticəsində, Afrika qitəsindən Hərəkata üzv olmayan 4 yeganə ölkə olan Cənubi Sudan Hərəkatın sıralarına qoşulub. İl ərzində Azərbaycan sədrlik Troykasının üzvü qismində (Uqanda və Özbəkistanla birlikdə) Hərəkat daxilində fəallığını davam etdirib. Azərbaycan Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində strateji əməkdaşlığa xüsusi önəm verib. 6 iyun tarixində Şuşa şəhərində “Nəqliyyat, bağlantı və iqlim fəaliyyəti vasitəsilə dayanaqlı gələcəyin qurulması” mövzusunda keçirilmiş TDT-nın qeyri-rəsmi Zirvə görüşü çərçivəsində Qarabağ Bəyannaməsi qəbul edilib, azərbaycanlı məcburi köçkünlərin öz yurdlarına qayıdışı üçün minatəmizləmə və humanitar fəaliyyətlərə dəstək ifadə olunub. Cari ilin iyul ayında Lənkəran şəhərinin 2024-cü ildə Türk Dünyasının Gənclər Paytaxtı elan edilməsi ilə bağlı açılış mərasimi baş tutub. İl ərzində TDT üzv ölkələri arasında rəqəmsal iqtisadi əməkdaşlıq, Türk Yaşıl Baxışı və Türk Yaşıl Maliyyə Şurasının yaradılmasına dair Anlaşma Memorandumları imzalanıb, 2025-ci ildə təşkilatın 12-ci Zirvə görüşünün Azərbaycanda keçirilməsi barədə qərar qəbul olunub. 3 dekabr tarixində İranın Məşhəd şəhərində keçirilmiş İqtisadi Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) 28-ci iclasında Məşhəd Bəyannaməsi qəbul edilib, 2025-ci ildə İƏT-in 17-ci sammitinin Azərbaycanda keçirilməsi qərarı ilə bağlı ölkəmizə təşəkkür ifadə olunub. 15 noyabr tarixində Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatı və BMT-nin Sənaye İnkişafı Təşkilatı (UNIDO) ilə birgə “Təmiz Enerji Mərkəzi”nin (CECECO) açılışı olub. Azərbaycan 2024-cü ildə İqtisadi Əməkdaşlıq Təşkilatının 1-ci Tur Operatorları Forumuna (2-3 may) və Beyin Mərkəzlərinin 3-cü Forumuna (4 oktyabr) ev sahibliyi edib. Azərbaycan 2024-cü ildə İslam Əməkdaşlıq Təşkilatı (İƏT) çərçivəsində, həmçinin, üzv dövlətlər arasında əməkdaşlığın gücləndirilməsinə öz töhfələrini verməkdə davam edib. 4-5 may tarixlərində Qambiya Respublikasının paytaxtı Bancul şəhərində keçirilmiş İƏT üzv ölkələrinin Dövlət və Hökumət başçılarının 15-ci İslam Sammitində ilk dəfə olaraq keçmiş münaqişə dövründə indiki Ermənistan ərazilərindən qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətli qayıdışına dəstək ifadə olunmuş, 2026-cı ildə İƏT-in 16-cı Sammitinin Azərbaycanda keçirilməsi təsdiqlənib. 29-30 avqust tarixlərində Kamerun Respublikasının paytaxtı Yaunde şəhərində keçirən İƏT Xarici İşlər Nazirləri Şurasının 50-ci sessiyasında “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzünün nəticələrinin aradan qaldırılması”, “Xocalı qətliamının qurbanları ilə həmrəylik”, “Azərbaycan Respublikasına iqtisadi yardım” və “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzünün nəticəsi olaraq Azərbaycan Respublikasının ərazilərində İslam dininə aid tarixi və mədəni abidələrin dağıdılması və təhqir olunması” adlı qətnamələr qəbul edilib. Cari ilin mart ayında Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəsinin (AQEM) Nazirlər Şurasının qərarı ilə 2024-2026-cı illər üzrə Sədrliyin Azərbaycan Respublikasına keçməsi təsdiqlənib. 17 dekabr tarixində AQEM-in Nazirlər Şurasının onlayn formatda keçirilən iclası zamanı Müşavirədə sədrlik rəsmi olaraq Azərbaycan tərəfindən təhvil alınıb. Azərbaycan Respublikasının sədrliyi “Daha güclü AQEM, Asiyada əlaqəlilik, rəqəmsallaşma və dayanıqlı inkişaf” mövzusu altında həyata keçiriləcək və 2026-cı ildə AQEM üzv dövlətlərinin Sammiti ölkəmizdə təşkil olunacaq. Azərbaycan Respublikası 19 dekabr 2024-cü il tarixində Misirin paytaxtı Qahirə şəhərində keçirilmiş İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) 11-ci Sammitində yekdilliklə D-8 təşkilatına üzv qəbul edilib. Azərbaycanın növbəti diplomatik qələbəsi olan D-8-ə üzvlüyü, 1996-cı ildə əsası qoyulmuş təşkilatın tarixində ilk genişlənmə olmaqla, ölkəmizin daha da artan nüfuzunun və geosiyasi mövqeyinin bariz nümunəsidir. Ədaləti və beynəlxalq hüququn norma və prinsiplərini özünün prioritet məqsədi kimi qarşıya qoyan ölkəmiz təşkilatın təməl prinsiplərinin qorunmasına, təşkilat çərçivəsində əməkdaşlığın daha da dərinləşməsinə yaxından töhfə verəcəkdir. 5 Azərbaycan 2024-cü ildə Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilatın (GUAM) sədri qismində milli və regional səviyyədə nəqliyyat, ticarət, gömrük, energetika, turizm, mina təhlükəsi, post-münaqişə dövründə bərpa və yenidənqurma və reinteqrasiya və digər mühüm sahələrdə tədbirlərdə iştirak edib. 2024-cü ildə Azərbaycan Respublikası Müstəqil Dövlətlər Birliyi (MDB) çərçivəsində iştirakçı dövlətlərlə müxtəlif istiqamətlərdə, xüsusən mədəniyyət, humanitar, elm və digər sahələrdə əməkdaşlığı davam etdirib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 8 oktyabr tarixində MDB Dövlət Başçıları Şurasının Moskva şəhərində keçirilmiş iclasında iştirak edib. İclasda Laçın şəhəri 2025-ci il MDB-nin Mədəniyyət Paytaxtı elan olunub. 12 dekabr tarixində baş tutmuş MDB Hökumət Başçıları Şurasının iclasında Baş nazir Əli Əsədov iştirak edib. 11-12 aprel tarixlərində MDB Xarici İşlər Nazirləri Şurasının Minsk şəhərində, eləcə də 7 oktyabr tarixində Moskva şəhərində keçirilmiş iclaslarında xarici işlər naziri Ceyhun Bayramovun rəhbərliyi ilə nümayəndə heyəti iştirak edib. Minsk şəhərində keçirilmiş iclasda 2025-ci ildə Gəncə şəhərinin MDB-nin İdman paytaxtı elan edilməsi barədə qərar qəbul edilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 3-4 iyul tarixlərində Astanada keçirilmiş Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə görüşündə, 23 oktyabr tarixində isə Kazan şəhərində keçirilmiş BRICS Sammitinin “Outreach” BRICS+ formatında iclasında iştirak edib. İl ərzində hərbi-siyasi məsələlər üzrə çoxtərəfli və ikitərəfli xarici siyasi fəaliyyət davam etdirilib. Azərbaycan-NATO tərəfdaşlığı öz əhəmiyyətini saxlayaraq, tərəflər arasında siyasi dialoq və praktiki əməkdaşlıq davam etdirilib, qarşılıqlı səfərlər həyata keçirilib. 2024-cü il həmçinin Azərbaycanın Sülh Naminə Tərəfdaşlıq Proqramı Çərçivə Sənədinə qoşulmasının 30-cu ildönümü ilə əlamətdar olub və silsilə tədbirlər təşkil edilib. Azərbaycanın nüvə texnologiyalarından sülh məqsədi ilə istifadə sahəsində beynəlxalq əməkdaşlığa verdiyi önəm nəzərə alınaraq, Atom Enerjisi üzrə Beynəlxalq Agentlik ilə 2024-2029-cu illəri əhatə edən Ölkə Çərçivə Proqramı sənədi imzalanıb. Sözügedən sənəd ölkəmizin nüvə enerjisindən istifadə sahəsində prioritet istiqamətlər üzrə praktiki əməkdaşlığının irəlilədilməsinə mühüm töhfə təşkil edir. Kimyəvi silahların qadağan edilməsi Təşkilatının kimya sənayesindən sülh məqsədləri ilə istifadənin təşviqi kontekstində Azərbaycan tərəfindən təşkilat nəzdində yaradılmış Kimya Texnologiyaları Mərkəzinə maliyyə töhfəsi verilib. İl ərzində beynəlxalq qurumların seçkili vəzifələrinə Azərbaycan Respublikası tərəfindən namizədliklərin irəlilədilməsi istiqamətində fəaliyyət davam etdirilib. Azərbaycan BMT-nin İqtisadi və Sosial Şurasının (ECOSOC) 2025-2027-ci illər və BMT-nin İqtisadi, Sosial və Mədəni Hüquqları Komitəsinin (CESCR) 2025-2028-ci illər üzrə üzvlüyünə, BMTnin Səhralaşmaya qarşı mübarizə Konvensiyasının 16-cı Tərəflər Konfransının (COP16) Mərkəzi və Şərqi Avropa regional qrupuna iki il müddətinə sədr və COP16 Bürosuna üzv, həmçinin Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) 2025-2026-cı illər üzrə vitseprezidenti vəzifəsinə seçilib.