AQTİ-nin laboratoriyalarına növbəti mediatur təşkil olunub -YENİLƏNİB FOTOLAR

28 Dekabr 2024 15:29 (UTC+04:00)

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutuna (AQTİ) media subyektlərinin nümayəndələri üçün növbəti mediatur təşkil edilib. SİA xəbər verir ki,mediatur çərçivəsində jurnalistlərə İnstitutun fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib. Bildirilib ki, ölkədə qida təhlükəsizliyinin təmin olunması və əhalinin sağlamlığının qorunması məqsədilə AQTİ-nin nəzdində qida təhlükəsizliyi, kompleks tədqiqatlar, bitki və heyvan sağlamlığı üzrə ixtisaslaşmış laboratoriyalar fəaliyyət göstərir. Laboratoriyalarda müxtəlif qida məhsullarının təhlükəsizlik və keyfiyyət göstəriciləri üzrə müayinələri aparılır. Həmçinin media nümayəndələri ölkəmizdə qida təhlükəsizliyi sahəsində laboratoriya sisteminin inkişafı, maddi-texniki bazanın modernləşdirilməsi sahəsində həyata keçirilən işlər və əldə olunan nailiyyətlər barədə məlumatlandırılıb. İnstitutun laboratoriyalarında çalışan işçi heyətin nəzəri və təcrübi biliklərinin artırılması istiqamətində beynəlxalq təşkilatlarla qurulan sıx və səmərəli əməkdaşlıq əlaqələrindən danışılıb. Beynəlxalq səriştəlilik sınaqlarında əldə edilmiş nailiyyətlər diqqətə çatdırılıb.

Daha sonra media nümayəndələri AQTİ-nin Nümunələrlə iş şöbəsinə, Kompleks Tədqiqatlar Laboratoriyasına və Mərkəzi Fitosanitar Laboratoriyasına baxış keçiriblər. Onlar laborator sınaqların həyata keçirildiyi otaqlara baş çəkib, nümunələrin qəbulundan başlayaraq laborator analizlər bitənədək olan prosesi izləyib, cihaz və avadanlıqlara baxıblar. Eləcə də bitki və heyvan mənşəli qida məhsullarının təhlükəsizlik və keyfiyyət göstəriciləri üzrə həyata keçirilən laborator müayinə üsulları ilə tanış olublar.

Mediatur zamanı jurnalistləri maraqlandıran suallar cavablandırılıb.