2025-ci ildә Azərbaycan Mәrkәzi Bankı (AMB) pul siyasәti hәdәflәrinә nail olmaq üçün sәrәncamında olan alәtlәrdәn fәal istifadә edәcәk. Alternativ pul siyasәti lövbәrinin güclәndirilmәsi istiqamәtindә islahatlar davam etdirilәcәk. SİA xəbər verir ki, bu barədə AMB-nin 2025-ci il üçün pul siyasətinin əsas istiqamətləri barədə bəyanatında bildirilir.
Bəyanata əsasən, 2025-ci ildә dә qiymәt sabitliyinin başlıca lövbәri olan manatın ABŞ dollarına nәzәrәn ikitәrәfli mәzәnnәsi banklararası әqdlәr üzrә orta mәzәnnә (hәrraclar vә hәrracdan kәnar әmәliyyatlar nәzәrә alınmaqla) әsasında müәyyәn olunacaq.
Mәrkәzi Bankda ARDNF-in valyuta satışlarının hәyata keçirilmәsi üzrә hәrracların keçirilmәsi davam etdirilәcәk. Әvvәlki illәrin tәcrübәsinә uyğun olaraq dövlәtin valyuta tәlәbi vә tәklifinin dәyişimindәn asılı olaraq Mәrkәzi Bank 2025-ci ildә dә valyuta bazarında valyuta satışı vә alışları hәyata keçirә bilәr.
2025-ci ildә dә pul bazarında qısamüddәtli faizlәr pul siyasәtinin alternativ әmәliyyat hәdәfi olaraq istifadә olunacaqdır. Tәminatsız bazarda әqdlәrin orta çәkili faizi olan AZIR indeksinin dinamikasına xüsusi diqqәt yetirilәcәk. Bençmark faiz indekslәrinin hesablanması metodologiyasına beynәlxalq tәşkilatların da mövqeyi nәzәrә alınmaqla tәkmillәşdirmәlәr edilәcәk Banklararası pul bazarındakı faizlәrin Mәrkәzi Bankın faiz dәhlizi daxilindә hәrәkәt etmәsi üçün Mәrkәzi Bank arsenalındakı bütün alәtlәrdәn adekvat vә çevik şәkildә istifadә edәcәk. Mәrkәzi Bank istifadә etdiyi alәtlәrin çeşidini inflyasiya mühitindә vә maliyyә bazarında müşahidә edilәn proseslәrә uyğun seçәcәk. Pul siyasәti alәtlәrinin çevik istifadәsi transmissiya mexanizminin sәmәrәli işlәmәsinә, elәcә dә makroiqtisadi vә maliyyә sabitliyinә kömәk edәcәk.
Bank sistemindәki likvidliyin idarә edilmәsindә daimi imkan alәtlәri, açıq bazar әmәliyyatları istifadә edilәcәk. Bank sektorunda gözlәnilәn struktur profisiti (izafi likvidlik) ilә әlaqәdar olaraq növbәti ildә dә Mәrkәzi Bankın sterilizasiya yönümlü alәtlәrinә tәlәbatın olacağı ehtimalı yüksәkdir. Bununla belә, struktur profisiti struktur kәsiri ilә әvәzlәndiyi tәqdirdә arsenalda olan likvidliyin verilmәsi alәtlәri açıq bazar әmәliyyatları çәrçivәsindә işә düşәcәk.
Mәcburi ehtiyat normaları növbәti ildә dә aylıq ortalama mexanizmi ilә tәtbiq olunacaq. Banklar mәcburi ehtiyatları hesablama bazasına daxil olan depozitlәrin valyutasından asılı olaraq manatda vә xarici valyutada saxlayacaq. Mәcburi ehtiyatlar növbәti ildә dә izafi likvidliyin sterilizasiyasından әlavә banklararası pul bazarında tәlәbin dәstәklәnmәsi, elәcә dә dollarlaşmanın azaldılması kimi mәqsәdlәrә xidmәt edәcәk.
Daimi imkan alәtlәri növbәti ildә dә banklararası pul bazarında faizlәrin faiz dәhlizi daxilindә formalaşmasını tәmin edәcәk. Sterilizasiya yönümlü daimi imkan alәti Mәrkәzi Bankın faiz dәhlizinin aşağı hәddinә, likvidliyin verilmәsi yönümlü daimi imkan alәti isә yuxarı hәddinә bәrabәr faizlә aparılacaq. Bir günlük likvidliyin verilmәsi әmәliyyatları üçün tәminat qismindә Mәrkәzi Bankın İdarә Heyәtinin 2017-ci il 30 noyabr tarixli qәrarı ilә tәsdiq edilmiş pul siyasәti әmәliyyatları üzrә tәminat kimi qәbul edilәn qiymәtli kağızlar (lombard siyahı) çıxış edә bilәr.
Açıq bazar әmәliyyatları olaraq sterilizasiya mәqsәdli müxtәlif müddәtli not, habelә 7 günlük әmәliyyatlar üzrә hәrraclar keçirilәcәk. Bu alәtlәr üzrә faiz dәrәcәlәri Mәrkәzi Bankın İdarә Heyәtinin müәyyәn etdiyi vә maliyyә bazarı iştirakçılarına öncәdәn açıqlanan qaydada formalaşacaq. Banklararası pul bazarındakı vәziyyәtdәn asılı olaraq digәr açıq bazar әmәliyyatları da tәtbiq oluna bilәr.
Açıq bazar әmәliyyatlarının kәmiyyәt parametrlәrinә vә müddәtlәrinә dair qәrarlar bank sisteminin likvidlik mövqeyindәn asılı olaraq hәftәlik әsasda operativ şәkildә verilәcәk. Bu qәrarlar hәrraclardan öncә müvafiq bazar iştirakçılarına kommunikasiya edilәcәk. Bank sisteminin likvidlik mövqeyinin müntәzәm qiymәtlәndirilmәsi davam etdirilәcәk, likvidliyin monitorinqi vә proqnozlaşdırılması sistemi daha da tәkmillәşdirilәcәk.
Mәrkәzi Bank pul siyasәti alәtlәrinin davamlı tәkmillәşdirilmәsi vә pul bazarında texniki infrastrukturun inkişafı istiqamәtindә tәdbirlәrini davam etdirәcәk.