“Milli Həmrəylik Günü Azərbaycan xalqının nümayəndələrinin müxtəlif qruplarının, dini və siyasi mədəni baxımdan və yaxud sosial baxımdan müxtəlif kəsmləri təmsil edən qruplarını bir araya gətirən bir bayramdır, və yaxud da xüsusi bir gündür”. Bu sözləri SİA-ya açıqlamasında AĞ Partiyasının sədri Tural Abbaslı deyib.
Onun sözlərinə görə, burada hətta mühacirətdə olan Azərbaycanlıları, yəni, xaricdə yaşayan, işləyən, təhsil alan Azərbaycanlıları da bu bayram birləşdirir: “Eyni zamanda həm xaricdə, həm öz ölkələri ilə birləşdirir. Bir mənada Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü bütün Azərbaycan vətəndaşlarına Azərbaycanlı olduqlarını və bununla bir dövlətə bağlı olduqlarını, bir məkana bağlı olduqlarını xatırlatmış olur. Həmrəylik tək bir sahəyə aid olunası deyil.
Bu günün yaranma tarixi 1990-cı illərin əvvəllərində Azadlıq hərəkatının başlaması ilə İran-Azərbaycan sərhədi olsun, o həmin sərhəddə baş verən hadisələr ola bilər. Amma sonradan mahiyyəti genişləndi, daha böyüdü, daha əsl mahiyyətinə gəldi çatdı və Azərbaycan xalqı ümummilli məsələlərdə həmrəylik göstərən zaman hər zaman qalib gəliblər, hər zaman uğur əldə ediblər.
Milli Azadlıq hərəkatı dönəmində də birgə fəaliyyət zamanı həmrəylik göstərildi və azadlıq qazanıldı. Eyni zamanda, sonuncu dəfə Qarabağ müharibəsində də Azərbaycan xalqı həm ölkə daxilində, xaricdə, həm müxtəlif siyasi qruplar, müxtəlif dini qruplar, mədəni qruplar, sosial qruplar Qarabağ ideyası ətrafında həmrəy oldular və yenə qalib olduq.
Mən əminəm ki, həmrəylik ideyasını əgər biz layiqincə təbliğ etsək və həqiqətən ümummilli məsələlərdə həmrəy olsaq Azərbaycan növbəti mərhələyə keçə bilər. O baxımdan da elə sizin vasitənizlə bir daha Azərbaycanlıları, dünya Azərbaycanlılarını Milli Həmrəylik günü münasibətilə təbrik edirəm, həmişə ümummilli məsələlərdə, vacib məsələlərdə həmrəy olaq, birgə olaq və qalib olaq”.
Ayşən Vəli