Növbəti il yenilənən xidmətlər zərfində təminata alınan dərmanların əsas təsiredici maddəsi və dozası, yəni dərmanın tərkibi qeyd olunacaq. İcbari tibbi sığorta hesabına qarşılanan dərmanlarla bağlı hazırlanan siyahıya yalnız ambulator şəraitdə həkim tərəfindən resept əsasında yazılan dərmanlar daxil ediləcək. SİA xəbər verir ki, bu sözləri İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova media nümayəndələri üçün tibbi savadlılıq təlimində söyləyib.
Aynurə Əhmədova siyahıda dərmanların adları və qiymətlərinin olacağını deyib: “Dərmanların qiyməti 2 hissədən ibarət olacaq. Şərti kompensasiya məbləği - sığorta tərəfindən, müştərək maliyyələşmə məbləği (MMM) - vətəndaş tərəfindən ödəniləcək. Müştərək maliyyələşmə məbləği dərmanın pərakəndə satış qiymətindən şərti kompensasiya məbləğinin çıxılması ilə müəyyən ediləcək. Qeyd edim ki, pərakəndə satış qiyməti Tarif Şurası tərəfindən müəyyən olunur”.
Onun sözlərinə görə, Agentliklə müqaviləsi olan apteklər xüsusi loqolarla işarələnəcək ki, vətəndaşlar həmin aptekləri asanlıqla tanıya və tapa bilsinlər.