Efiopiya Prezidenti Taye Atske Sellasie Prezident İlham Əliyevə başsağlığı verib. SİA xəbər verir ki, başsağlığı məktubunda deyilir:
"Faciəvi təyyarə qəzası nəticəsində insan tələfatı barədə xəbəri dərin hüzn və kədərlə qarşıladıq.
Efiopiya Federativ Demokratik Respublikasının hökuməti adından və şəxsən öz adımdan Zati-alinizə, Azərbaycan xalqına və hökumətinə, o cümlədən həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verirəm. Bu faciəvi qəzada yaralananların tezliklə və tam sağalmasını diləyirəm.
Efiopiya bu çətin zamanda Azərbaycan xalqı və hökuməti ilə həmrəy olduğunu bildirir.
Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".
Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub. Onlardan 38-i həlak olub, 29-u sağ qalıb.
Qəzadan sonra xəstəxanaya 27 şəxs daxil olub. Onlardan 15 nəfər Azərbaycan Respublikasının, 8 nəfər Rusiya Federasiyasının, 3 nəfər Qırğızıstan Respublikasının vətəndaşıdır. Bir nəfərin şəxsiyyəti hələlik müəyyən edilməyib.
Hər iki pilot da daxil olmaqla 3 ekipaj üzvü həlak olub, iki ekipaj üzvü isə sağ qalıb. Dekabrın 26-da Azərbaycana 14 yaralı və 4 nəfərin meyiti gətirilib.
Qeyd edək ki, hadisədən sonra dövlət başçısının tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb. Eyni zamanda Prezident İlham Əliyev dekabrın 26-nın Azərbaycanda matəm günü elan olunması barədə sərəncam imzalayıb.