Hazırda TƏBİB tabeli tibb müəssisələrinin vahid saytının yaradılması üzrə iş aparılır. SİA-nın məlumatına görə, bunu TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova “İctimaiyyətlə əlaqələr və kommunikasiya fəaliyyətinə dair” təqdimatla çıxış edərkən deyib.
O bildirib ki, məlumatların əlçatanlığını təmin etmək üçün tabeli tibbi müəssisələrin vahid saytının yaradılması üzrə işlər aparılır:
"Məlumatların açıq, şəffaf şəkildə paylaşılmasında qurumun veb-saytı da önəmlidir. TƏBİB-in rəsmi veb-saytının funksionallığının artırılması istiqamətində bir sıra işlər görülüb. Tibb işçilərinin və vətəndaşların işə qəbul prosesinin optimallaşdırılması məqsədilə Karyera portalı istifadəyə verilib. İndi də tabeli tibb müəssisələrinin vahid saytının yaradılması prosesinə başlanılıb".