Müasir dövr texnologiyasının sürətli inkişafı ilə birlikdə smartfonlar gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilib. Əlaqə saxlamaq, məlumat axtarmaq, iş və əyləncə kimi müxtəlif məqsədlərlə istifadə etdiyimiz bu cihazlar həyatımızı asanlaşdırsa da, onlardan həddindən artıq asılılıq sağlamlığımıza ciddi təsir göstərə bilər. Göz yorğunluğu, yuxu problemləri, fiziki hərəkətsizlik və psixoloji asılılıq kimi bir çox mənfi nəticələr smartfon istifadəsinin hədsizliyindən qaynaqlanır.
Mövzu barədə həkim, terapevt Sübhan Hacıyev SİA-ya açıqlamasında deyib ki, telefon asılılığı günümüzdə çox aktual bir problemə çevrilib: "Nəticə etibarilə həm fiziki, həm psixoloji asılılıq yaratdığı üçün orqanizmdə ciddi tibbi problem yaradır və insanlarımız tibb ocaqlarına müraciət etmiş olurlar. Fiziki olaraq ən çox gördüyümüz göz problemidir. Uzun müddət telefona baxdıqları zaman göz kleralarında qurumalar və nəticədə görmə qabiliyyətinin azalması, xüsusilə uşaqlarda tez bir zamanda görmə eynəklərindən istifadəyə gətirib çıxarır. Bundan əlavə olaraq uzun müddət telefona baxdıqda, hər hansı məlumat alıb oxuduğumuzda boynumuzu əydiyimiz zaman boyun sütununun fəqərələrində yaranmış xüsusilə deqrenativ problemlər, hansı ki onurğa sütununda protruziyalarının yəni disk sürüşmələrinin, yırtıqların əmələ gəlməsinə səbəb olur. Biz bu problemlərlə ömür boyu qarşılaşmış oluruq və həmin nahiyədə böyük ağrılar, hərəkət məhdudiyyəti yaranmış olur. Həmçinin gözlərdə yaranmış problemlərdən əlavə olaraq yuxu problemləri olur. Çünki mavi ekrana uzun müddət baxdıqdan sonra gözümüzdə olan epifiz vəzisinin melatalin ifrazında pozulmalar olur və nəticə etibarilə yuxu keyfiyyətinin azalmasına gətirib çıxarır, bu da bizim sonraki iş fəaliyyətimizə təsir edir. Telefonda az-çoxlu radiotezlik şüaları var və hər birimiz bu şüalara məruz qalırıq. Həmçinin günümüzdə xərçəng xəstəliyinin artmasında səbəb olaraq bunu görürük. Eyni zamanda psixoloji bir asılılıq yaradır ki, bu da tibbdə "fomo" sindromu adlanır. Nəticədə insanlarımız nədənsə geri qalmaq, hansısa informasiyanı almamaq və nəyisə gec öyrənmək kimi qorxuları olur. Bu da artıq psixoloji aspektdən bir çox problemlərin yaranmasına gətirib çıxarır ki, bu cür insanlarımızın psixoterapevt tərəfindən müalicə alması gərəkir. Bütün bunları nəzərə alaraq bir terapevt olaraq tövsiyyə edərdim ki, insanlarımız rasional düşüncə şəklində telefonlara yanaşsınlar. Mütləq şəkildə müəyyən vaxtlardan istifadə etsinlər, xüsusilə uşaqlara bütün vaxtlarını və həyatını telefondan istifadə edərək keçirməyə imkan verməsinlər".