ADY 2024-cü ildə də rəqəmsal yeniliklərə imza atıb

28 Dekabr 2024 10:31 (UTC+04:00)

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) 2024-cü ildə prioritet istiqamətlərindən biri olan rəqəmsallaşma sahəsində bir sıra uğurlara imza atıb. Rəqəmsal yeniliklər ADY-nin strategiyasına uyğun olaraq həyata keçirilir və əməliyyat səmərəliliyinin, ölkə ərazisindən keçən beynəlxalq dəhlizlər üzrə tranzit həcmlərinin artırılmasına xidmət edir. SİA xəbər verir ki, Azərbaycanı qlobal nəqliyyat qovşağına çevirməyi qarşısına məqsəd qoyan ADY 2024-cü ildə də Şimal-Cənub, Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizləri boyunca yerləşən ölkələrlə dəmiryol nəqliyyatı infrastrukturunun rəqəmsallaşdırılması üzrə əməkdaşlığı genişləndirib, onlayn tarif kalkulyatoru və “ADY Smart” platforması ilə yük sahibləri üçün səmərəli, sürətli və “bir pəncərə” sisteminə əsaslanan xidmətlər paketi təqdim edib. Yükgöndərənlər artıq “ADY Smart” vasitəsilə yükün qeydiyyatından başlamış daşınmasına qədər bütün prosesləri real vaxt rejimində izləmək imkanı əldə edib.

“ADY Smart”ın təqdim etdiyi yeniliklərdən biri saatlarla davam edən yük əməliyyatlarının müddətini 20 dəqiqəyə qədər azaldan rəqəmsal iş icazəsi (naryad) sistemidir. Bu funksionallıq müştərilərə naryadın ayrılması üçün müraciəti “ADY Smart” vasitəsilə elektron qaydada, kağız sənədləşmə olmadan birbaşa təqdim etmək, yük qaimələrini elektron formada hazırlamaq, eyni zamanda, emal və maliyyə sənədlərini sürətli qəbul etmək imkanı verir. Avtomatlaşdırılmış naryad prosesi sayəsində müştərilər vaxta qənaət edərək sistemdəki elektron kabinet üzərindən naryadın ayrılma prosesinin bütün mərhələ və statuslarını izləyə bilir.

Digər mühüm nailiyyət beynəlxalq daşımaları sürətləndirən vahid CIM/SMGS elektron yük qaiməsinin tətbiqidir. Bu həll bir neçə sənədi bir formatla əvəz etməyə imkan verir, gömrük prosedurlarını sürətləndirir və sərhədi keçərkən ortaya çıxa biləcək riskləri azaldır. Hesab-faktura olduğu kimi qonşu ölkələrin mövcud İT sistemlərinə ötürülür və “vahid daxiletmə” prinsipi ilə işləyən avtomatlaşdırılmış məlumat mübadiləsini təmin edir. Bütövlükdə bu dəyişikliklər gömrük proseslərini sadələşdirir, beynəlxalq ticarətin inkişafına dəstək verir və iqtisadi əlaqələri gücləndirir.

Daşımaların idarə edilməsi, real vaxt rejimində yüklərin monitorinqinin optimallaşdırılması üçün ADY tərəfindən 2024-cü ildə infrastrukturun modernləşdirilməsi və informasiya sistemlərinin yenilənməsi işləri davam etdirilib. Rəqəmsal həllər logistika proseslərini sadələşdirir və beynəlxalq müştərilərlə əlaqələri gücləndirərək Azərbaycanı regionda daha cəlbedici nəqliyyat mərkəzinə çevirir. Analoji rəqəmsallaşma prosesləri Şərq-Qərb və Şimal-Cənub dəhlizlərində həyata keçirilir. Yük məlumatlarının mübadiləsini və “Track&Trace” rəqəmsal xidmətlərini təmin etmək üçün “Global DTC” şirkətinin yaratdığı beynəlxalq logistika platformasına inteqrasiya ADY-nin dəstəklədiyi təşəbbüslər sırasındadır.

Bundan başqa, ADY tərəfindən istehsal proseslərinin təhlili aparılıb və şirkətin əməliyyat fəaliyyətini avtomatlaşdıran üç əsas sistemə – “Yükdaşımaların idarə edilməsi”, “Yük-kommersiya işlərinin idarə edilməsi” və “Lokomotiv briqadalarının idarə edilməsi”nə olan tələbləri müəyyən edən konseptual çərçivə yaradılıb. Bu sistemlər daşımaların planlaşdırılması, personalın idarə edilməsi və idarəetmə sisteminin inkişafı üçün yüksəkixtisaslı kadrların formalaşdırılması kimi mühüm prosesləri həyata keçirir.

ADY 2024-cü ilin noyabrında müştərilərinə daha rahat və effektiv xidmət təqdim etmək məqsədilə yenilənmiş korporativ veb-saytını istifadəyə verib. Sayt həm sərnişinlərin, həm də biznes tərəfdaşların Azərbaycan Dəmir Yollarının xidmətlərindən daha rahat yararlanmasını təmin edir. İstifadəçilər rahat interfeysi olan veb-saytda ADY-nin xidmətləri, layihələri və ən son yenilikləri ilə tanış olaraq müxtəlif əməliyyatları rahatlıqla icra edirlər.

Rəqəmsal həllər sayəsində sərnişindaşıma sahəsində də yeniliklər həyata keçirilib. Ötən il istifadəyə verilmiş “ADY Mobile” tətbiqinin mobil cihazlara yüklənmə sayı 166 mini ötüb. Sərnişinlərin təqribən 70 faizi biletlərini onlayn alır.

Yeniliklərdən biri ölkədaxili sərnişin qatarlarına minik zamanı fiziki şəxsiyyət vəsiqəsinə olan tələbin aradan qaldırılması ilə bağlı olub. Artıq “My.gov.az” portalından QR kod vasitəsilə elektron vəsiqəni təqdim etmək kifayətdir.

Hazırda turniketlərdən üztanıma sistemi vasitəsilə keçid üçün işlər görülür. Bu, pik saatlarında turniketlərdə sıxlığın yaranmasının qarşısını alacaq. Layihənin əvvəlcə pilot şəklində işə salınması planlaşdırılır.

2024-cü ildə sərnişinlərə pulsuz simsiz internet bağlantısı təqdim edilib. Hazırda Bakı, Sabunçu, Sumqayıt, Gəncə, Qəbələ vağzallarında, Koroğlu, Bakıxanov, Pirşağı, Goran, Ağstafa stansiya və dayanacaqlarında, eləcə də Bakı–Ağstafa–Bakı, Bakı–Qəbələ–Bakı marşrutları ilə hərəkət edən qatarlarda sürətli “W-Fi” internet bağlantısı mövcuddur. Bu xidmət 2025-ci il yanvarın 3-dən Bakı–Balakən–Bakı reyslərini yerinə yetirəcək qatarlarda da aktiv ediləcək.

ADY-nin rəqəmsallaşma səyləri bu ilin oktyabr ayında Asiya İnkişaf Bankı tərəfindən maliyyə dəstəyi alıb. Bank Azərbaycanda dəmiryol sisteminin rəqəmsallaşdırılmasına, ölkənin dəmiryol şəbəkələrinin təhlükəsizliyinin, etibarlılığının və səmərəliliyinin artırılmasına dəstək məqsədilə 47 milyon dollarlıq krediti təsdiqləyib.

Kredit məbləği kompleks rəqəmsallaşma tədbirlərinə, o cümlədən yük əməliyyatlarının idarə edilməsi, aktivlərin saxlanması və təmiri, investisiyaların planlaşdırılması, həmçinin daşınma qiymətləri və vergi hesablamalarına çıxış sisteminin yaradılmasının təmin edilməsinə yönəldiləcək. Eyni zamanda, layihə ADY-nin büdcə və müqavilələrin idarə edilməsi kimi korporativ fəaliyyətlərinin rəqəmsal təkmilləşdirmələrini maliyyələşdirəcək

Bu il həmçinin ADY-də yeni müasir İT ofisi fəaliyyətə başlayıb. Yeni ofis Azərbaycan Dəmir Yollarının ilk innovativ və dinamik məkanıdır. Ofisin əsas funksiyası texnoloji dəyişikliklərə adaptasiyanı sürətləndirmək, müasir “Agile” metodologiyalarından istifadə etməklə komandalar arasında qarşılıqlı əlaqəni yaxşılaşdırmaq və rahat iş şəraiti yaratmaqdır. Ofis yaradıcı iş sahələri, komfortlu iclas otaqları və qeyri-rəsmi ünsiyyət üçün məkanlar təqdim edir ki, bu da innovativ düşüncə və fikir mübadiləsini stimullaşdırır. Yeni İT ofisinin inkişafı ADY-nin müasir işəgötürən brendini möhkəmləndirməyə kömək edir və şirkəti istedadlı kadrlar üçün daha cəlbedici edir.

ADY tərəfindən rəqəmsallaşma sahəsinə qoyulan investisiyalar təkcə ölkənin iqtisadi artımına deyil, həm də vətəndaşların həyat keyfiyyətinin yaxşılaşmasına töhfə verir.