2025-ci ildə Azərbaycanda dövlət büdcəsindən işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən Bərpa, Tikinti və İdarəetmə Xidmətlərinə 39,8 milyon manat vəsait ayrılacaq. SİA-nın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi “2025-ci ilin dövlət büdcəsi haqqında" qanunun tətbiqi barədə Fərmanda öz əksini tapıb.
Sənədə əsasən, bu, 2024-cü illə müqayisədə 10,7 % çoxdur.
O cümlədən, gələn il büdcədə Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti üçün 9,6 milyon manat (bu ilə nisbətən 20,4 % az), Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti üçün 6,9 milyon manat (6,4 % az), Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti üçün 4,9 milyon manat (8,7 % çox), Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti üçün 13,6 milyon manat (12,3 % çox), Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti üçün isə 4,9 milyon manat (bu il olmayıb) nəzərdə tutulub.
Xatırladaq ki, bu gün Prezident İlham Əliyev Milli Məclisin dekabrın 16-da qəbul etdiyi "2025-ci il dövlət büdcəsi haqqında" qanunu təsdiqləyib.
Gələn il büdcənin gəlirlərinin 38 milyard 356 milyon manat (2024-cü ilin təsdiq olunmuş proqnozuna nisbətən 5,4 % çox), xərclərinin isə 41 milyard 407,6 milyon manat (4,2 % çox) olacağı gözlənilir. Son nəticədə büdcədə ÜDM-in 2,4 %-i qədər - 3 milyard 51,6 milyon manat kəsir yaranmalıdır. Bu isə illik müqayisədə 9 % azdır.