Yetkinlik yaşına çatmayanların işləri üzrə komissiyaların adlarının dəyişdirilməsi təsdiqlənib

27 Dekabr 2024 11:44 (UTC+04:00)

Milli Məclis Azərbaycanda fəaliyyət göstərən yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaların adlarında dəyişiklik edilməsini son oxunuşda təsdiqləyib. SİA xəbər verir ki, bununla bağlı Ailə Məcəlləsinə və “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamənin təsdiq edilməsi barədə” qanuna təklif edilən dəyişikliklər parlamentin bugünkü iclasında müzakirəyə çıxarılıb.

Dəyişikliyə əsasən, komissiyaların “Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar” şəklində adlandırılması nəzərdə tutulur.

Eyni zamanda uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar öz səlahiyyətləri daxilində təhsil müəssisələrində, habelə mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, yetkinlik yaşına çatmayanların işlədikləri müəssisələrdə, təşkilatlarda ve idarələrdə onlar arasında tərbiyə işinin təşkilinin monitorinqini apara biləcəklər.

Layihə səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul olunub.