Maqdeburqda xəsarət alanların həyati təhlükəsi yoxdur

27 Dekabr 2024 03:54 (UTC+04:00)

Almaniyanın Saksoniya-Anhalt əyalətinin paytaxtı Maqdeburq şəhərindəki Milad bazarında dekabrın 20-də törədilən qanlı hadisə nəticəsində xəsarət alanlardan 70-nin müalicəsi şəhərin universitet xəstəxanasında davam etdirilir. SİA “Tagesschau”ya istinadla xəbər verir ki, onların həyati təhlükəsi yoxdur. Hadisədən dərhal sonra xəstəxanaya yerləşdirilən 72 nəfərdən 15-nin vəziyyəti xüsusilə ağır olub. Lakin ötən bir həftə ərzində onların vəziyyəti sabitləşib.

Xatırladaq ki, əslən Səudiyyə Ərəbistanından olan 50 yaşlı Taleb al-Abdelmohsen adlı şəxs dekabrın 20-də yerli vaxtla saat 19:04-də (Bakı vaxtı ilə 22:04) yüksək sürətlə idarə etdiyi BMW X3 markalı avtomobili Maqdeburq şəhərindəki Milad yarmarkasında izdihamın üzərinə sürüb. Avtomobil yarmarkanın ərazisində 400 metr məsafədə hərəkət edərək qarşısına çıxan şəxsləri vurub. Hadisə nəticəsində 5 nəfər, o cümlədən dörd qadın və bir uşaq həlak olub, 230 nəfər xəsarət alıb.

Qeyd edək ki, Maqdeburqdakı hadisə zamanı təhlükəsizlik tədbirlərinin təşkilində nöqsana yol verilməsi ehtimalı da araşdırılır. Saksoniya-Anhalt əyalətinin Daxili İşlər Nazirliyinin də açıqladığı kimi, şəhər polisinə qarşı bununla əlaqədar ittiham irəli sürülüb. Nazirlik Milad bazarının mühafizəsini təşkil etmək üçün nəzərdə tutulmuş polis avtomobilinin hadisə zamanı təyin edilən yerdə olmadığı barədə mediada yayılan məlumatları təsdiqləyib. Bütün bu suallara ətraflı təhqiqatdan sonra aydınlıq gətiriləcək.