Cənubi Qafqazla bağlı ABŞ-ın mövqeyi və 2025-Cİ İLİN GÖZLƏNTİLƏRİ – TƏHLİL

26 Dekabr 2024 18:34 (UTC+04:00)

Cənubi Qafqaz ölkələri ilə bağlı Amerikanın gələn ilki siyasətində ciddi dəyişikliklər gözlənilir. Trampın dəfələrlə qeyd etdiklərindən, bəyan etdiklərindən belə məlum olur ki, onun yanaşması da, mövqeyi də məhz Baydenin yanaşmasından və mövqeyindən kəskin şəkildə fərqli olacaq. Əslində, bir sıra faktlar da təsdiq edir ki, Aq Evin yeni sahibinin həqiqətən də fərqli yanaşması, xüsusən də Cənubi Qafqazla bağlı fərqli mövqeyi, eləcə də fərqli planları var. Bu isə onu deməyə əsas verir ki, Cənubi Qafqazla bağlı ABŞ-ın mövqeyi və məhz 2025-ci ilin gözləntiləri Bayden adminstrasiyası dövründə olduğu ilə eynilik təşkil etməyəcək.

Cənubi Qafqaza yanaşmasının tamamilə fərqli olacağı qənaətindəyik

Əslində, məhz region ölkələri ilə bağlı qarşıdan gələn ildə, 2025-ci ildə Tramp administrasiyasının fərqli yanaşacağına elə region ölkələrində də böyük əminlik hiss olunmaqdadır. ABŞ-ın Cənubi Qafqaza nəinki münasibətinin, ümumiyyətlə, baxışının belə dəyişəcəyinə əminlik heç də təsadüfi deyil və ilk növbədə Ağ Ev sahibinin dəyişməsi ilə bağlıdır. Çünki Trampın yanaşmasının məhz Baydenin yanaşmasından, yəni Cənubi Qafqaz regionunda sabitliyi pozmaq niyyətindən fərli olduğu artıq bəllidir. İndi artıq amerikalılar özləri də etiraf edirlər ki, bu vaxta qədər ABŞ-ın və Bayden adminstrasiyasının Gürcüstana münasibətdə mənfi rolu göz önündə olub və bunu təkzib etmək olmaz. Həmçinin nəzərə də alınır və əminlik də var ki, Amerikanın Cənubi Qafqaz ölkələrinə münasibətdə xarici siyasətlə bağlı yanaşmalarını Tramp adminstrasiyası kökündən dəyişdirəcək. Təbii ki, bu əminlik ilk növbədə elə məhz Ağ Evin yeni sahibinin vədlərindən, ən azından bəyanatlarından və dediklərindən yaranır. Digər tərəfdən də axı rəsmi Vaşinqtonun bundan əvvəlki yolu, yəni Bayden adminstrasiyasının tutduğu yolu tutacağı heç bir məntiqə sığışmır və Tramp hakimiyyətinin bunun əksinə addımlar atacağı ilə bağlı kifayət qədər təsdiqedici məqamlar var.

Həqiqətən də maraqlıdır ki, görəsən, Amerikanın yeni seçilən prezidenti Donald Trampın rəhbərlik etdiyi dövrdə, xüsusən də 2025-ci ilin yanvarından sonra Cənubi Qafqaz regionunu nə gözləyir? Yəni, Cənubi Qafqaz regionu üçün növbəti ilin gözləntiləri nədən ibarətdir? Məsələn, Cənubi Qafqazın bütün ölkələrinə bərabər və ədalətli diplomatik yanaşma prinsipini Bayden administrasiyasının pozmasının bir daha təkrarlanmasının şahidi olan olacaqmı? Ermənistanı silahlandırmaq və onu Azərbaycandan “qisas” almağa hazırlamaqdan ibarət olan Bayden adminstrasiyası “ənənələri” 2025-ci ildə də davam edəcəkmi? Yaxud, Gürcüstanı daxildən parçalayıb, daxilində qarışıqlıq, xaos yaradıb, dövlət çevrilişinə sürükləyərək, ölkəni dağıtmaq üçün olan planlar gələn ildə yenə də ortaya atılacaqmı? Ən azından bu suallar Cənubi Qafqaz ölkələrini və həmin ölkələrin vətəndaşlarını ən çox maraqlandıran suallardır. Bunula belə ümid edilir ki, artıq sadalanan tendensiyalara bir daha rast gəlinməz və bundan sonra Amerikanın məhz Cənubi Qafqaza yanaşmasının tamamilə fərqli olacağı qənaətindəyik.

Regionda sabitliyin pozulması cəhdi olmayacaq və Azərbaycanla münasibətlər Trampın əvvəlki hakimiyyəti dövründəki kimi davam edəcək

Dünyanın bir çox siyasətçiləri, analitikləri, ekspertləri həm Bayden adminstrasiyanın keçmiş fəaliyyətini təhlil edirlər, həm də bunun ardınca da Tramp adminstrasiyasının fərqli yanaşma sərgiləyəcəyi qənaətində olduqlarını açıq şəkildə bildirirlər. Bu siyasətçilər, analitiklər, ekspertlər arasında amerikalılar da var. Məsələn, amerikalı analitik, geosiyasət və təhlükəsizlik sahəsində ekspert, “The Washington Outsider” qəzetinin baş redaktoru İrina Tsukerman Tramp adminstrasiyasının prioritet olaraq milli təhlükəsizlik və ABŞ maraqları üçün ən böyük iqtisadi təhlükə hesab edilən məsələlərə diqqət edəcəyini deyir. Onun sözlərinə görə, bütün dünyada müşahidə edilən antidemokratik əməliyyatlarda Baydenin ətrafının iştirak etməsinin əksi olaraq, Tramp adminstrasiyası bütün bunlara qətiyyən yol verməyəcək. Ələlxüsus da, Gürcüstanda hər hansı dövlət çevrilişi cəhdlərinin təkrarlanmayacağı qənaətinə gəldiyini vurğulayan “The Washington Outsider” qəzetinin baş redaktoru həmçinin qeyd edir ki, Tbilisi hər hansı çevriliş üçün bundan sonra məkan sayıla bilməz.

İrina Tsukermanın sözlərinə görə, regionda sabitliyin pozulmasına hərhansı bir cəhd olunmayacaq və Azərbaycanla münasibətlər də bundan əvvəlki kimi, yəni, Trampın əvvəlki hakimiyyəti dövründə olduğu kimi davam edə bilər. “Tramp Cənubi Qafqazda sabitliyi hər hansı şəkildə pozmağa çətin ki, cəhd etsin. Amerikanın iqtisadi imkanlardan yararlanmaq və ABŞ iqtisadiyyatının imkanlarını gücləndirmək onun xeyrinədir və bunun üçün də, qeyd olunduğu kimi, rəsmi Vaşinqton bundan sonra milli təhlükəsizlik və ABŞ maraqları üçün ən böyük iqtisadi təhlükə hesab edilən məsələlərə diqqət edəcək. Təbii ki, Trampın Azərbaycanla bundan əvvəl müsbət münasibətləri olub və rəsmi Bakının işlərinə qarışmaması təcrübəsi də danılmazdır. Doğrudur, Trampın bundan əvvəlki dəfə Amerikaya rəhbərlik etdiyi dövrdə ABŞ Azərbaycana öz ərazilərini qaytarmaq məsələsində kömək etməyib, lakin federal səviyyədə separatçılara axı kömək də etməyib. Əgər öz kabinetində əvvəlki müşavirlərini saxlamış olsaydı, Trampın ikinci müddətində yanaşmasının yenə də məhz belə olacağını tam əminlikdə demək olardı”, deyə “The Washington Outsider” qəzetinin baş redaktoru İrina Tsukerman vurğulayıb. Bir sözlə, məhz İrina Tsukermanın timsalında amerikalılar özləri də Trampın Baydendən tamamilə fərqli yanaşma sərgiləyəcəyinə, xüsusən də Cənubi Qafqazda sabitliyin pozulması üçün heç bir cəhd etməyəcəyinə əmindirlər. Hər halda, amerikalıların özlərinin də 2025-ci illə bağlı gözləntilərinin belə olduğu göz önündədir və ümid edirik ki, Cənubi Qafqazla bağlı ABŞ bundan əvvəlki “dağıdıcı” niyyətində olmayacaq.

Ən azından bölgədə təzyiqin azalacağı kimi bir proqnoz və gözləntilər var

Xarici agentlər, həmçinin LGBT məsələsi ilə bağlı qanunlara dair qərarlarda, xüsusən də Dövlət Departamenti və onun nümayəndələrinə qarşı hücumlar məsələsində Amerikanın bu vaxta kimi nə qədər “fəal” olduğunu yaxşı bilirik. Onu da bilirik ki, bu mövzuda bəyanatlar və ümumiyyətlə, bu bəyanatların bəziləri Cənubi Qafqazda siyasi təzyiq forması olaraq qəbul olunub. ABŞ tərəfindən yeni-yeni sanksiyaların tətbiq edilməsi, “sanksiya dalğası” yaradılması region ölkələrinin daxili işlərinə qarışmaq məqsədi ilə olub. Amma indi analitiklərin, ekspertlərin əksəriyyəti belə hesab edirlər ki, bundan sonra ABŞ, daha doğrusu, Tramp komandası region ölkələrinin işlərinə qətiyyən qarışacaq kimi görünmürlər. Ən azından bölgədə təzyiqin azalacağı kimi bir proqnoz və gözləntilər var.

Cənubi Qafqaz ölkələri ilə xeyirxah və düşünülmüş siyasət qurulacağı qənaətində olanlar çoxluq təşkil edirlər

Vaşinqtonun məhz Cənubi Qafqaz ölkələri ilə Bayden administrasiyasının siyasətindən fərqli, xeyirxah və düşünülmüş siyasət quracağı qənaətində olanlar çoxluq təşkil edirlər. Xüsusən də region ölkələrinin analitikləri, ekspertləri və politoloqları arasında bu qənaətdə olanlar daha çoxdurlar. Məsələn, gürcü politoloq və analitik Arkadi Nozadze hesab edir ki, Trampın fərqli rasionallığı məhz sərfəli və konstruktiv əməkdaşlığın bərpasına öz töhfələrini verəcək. “Trampın siyasəti, məncə, Bayden komandasının çirkli, bulanıq “hekayələrindən” aşkar rasionallığı ilə fərqlənir. Əslində Donald Tramp seçkidə elə buna görə də qalib gəlib. Yəni, məhz öz strategiyasına görə qələbə qazanıb. Bu strategiyanın isə nədən ibarət olduğu artıq dəfələrlə bəyan edilib və Trampın prioritetləri arasında Cənubi Qafqaz ölkələrində hakimiyyətin dəyişdirilməsi üzrə xüsusi əməliyyatlar yox, məhz sərfəli əməkdaşlıq olduğu hər kəsə bəllidir. Əlbəttə ki, Gürcüstanda və Azərbaycanda Baydenin belə “məxsusi metodlarının” necə uğursuzluğa düçar olduğunu və bu ölkələrin Amerikaya münasibətinin mənfi istiqamətdə necə dəyişdiyini Ağ Evin yeni sahibi Donald Tramp çox yaxşı, çox gözəl bilir. Ona görə də Trampın gəlişindən sonra mən Vaşinqton, Tbilisi və Bakı arasında konstruktiv əməkdaşlıqla dolu ayıq münasibətlərin bərpasını səbirsizliklə gözləyirəm”, deyə Arkadi Nozadze öz fikrini yekunlaşdırıb.

Cənubi Qafqazla bundan sonra Amerikanın münasibətlərinin hansı şəkildə ola biləcəyi ilə bağlı azərbaycanlı politoloqlar da kifayət qədər fikirlər bildiriblər və həmin fikirlərin böyük əksəriyyətində 2025-ci ildən başlayaraq Bakı ilə Vaşinqton arasında çox səmərəli, qarşılıqlı hörmətə əsaslanan münasibətlərin olacağı vurğulanır. Məsələn, politoloq Zaur Məmmədovun sözlərinə görə, Donald Trampa ümidlər böyükdür. "Ümid edirik ki Tramp burdakı proseslərlə bağlı ondan əvvəlki siyasi liderdən fərqli olaraq bir qədər fərqli, daha obyektiv və ədalətli mövqe nümayiş etdirəcək. Ona görə ki, ABŞ-ın Cənubi Qafqaza və Mərkəzi Asiyaya yolu məhz Azərbaycandan keçməlidir", deyən politoloq bundan sonrakı hadisələrin artıq ABŞ Dövlət Departamentinin siyasətinin hansı istiqamətlərdə davam edəcəyindən asılı olduğunu vurğulayıb.

Cənubi Qafqazla, eləcə də ölkəmizlə bağlı Amerikanın ədalətli addımlar atacağına, ədalətli mövqe sərgiləyəcəyinə əminlik var

Əslində, həqiqətən də ABŞ-da respublikaçı Donald Trampın yenidən prezident seçilməsi bir sıra ümidlər yaradıb. Seçki kampaniyası zamanı verdiyi bəyanatlar xüsusilə onu deməyə əsas verir ki, Ağ Evin yeni lideri Baydenin, onun administrasiyasının kobud səhvlərini təkrarlamayacaq. Məhz elə bu baxımdan da Azərbaycan-ABŞ münasibətlərində də 2025-ci ildən yeni səhifənin açılacağını cəsarətlə söyləmək olar. ABŞ-Azərbaycan münasibətlərinin uzun tarixinin olmasını, müstəqillik əldə etdikdən bu vaxta qədər Bakının Vaşinqtonla əlaqələr qurmasını, ötən illər ərzində Birləşmiş Ştatlarla bir çox mühüm sahələrdə sıx əməkdaşlıq edilməsini, təhlükəsizlik məsələsində, terrorla mübarizədə, enerji məsələlərində Azərbaycanın öz töhfələrini verməsini Co Bayden adminstrasiyasının bir növ görməzdən gəlməsinin nəticələrinin necə olduğunu heç şübhəsiz ki, Tramp adminstrasiyası çox yaxşı görür. Ona görə də bunun təkrarlanacağı qənaətində deyilik. Belə başa düşürük ki, Donald Trampın yenidən hakimiyyətə qayıtması fonunda məhz 2025-ci ildən başlayaraq ABŞ-Azərbaycan münasibətləri müsbət istiqamətdə öz dəyişiklikləri ilə diqqəti cəlb edəcək. Təkcə Azərbaycanla deyil, bütövlükdə Cənubi Qafqazla bağlı Amerikanın çox düzgün, ədalətli addımlar atacağına, döğru yanaşma, haqlı mövqe sərgiləyəcəyinə əminlik var. Əminik ki, Cənubi Qafqazla bağlı ABŞ-ın mövqeyi və 2025-ci ilin gözləntiləri region ölkələrini və vətəndaşlarını qane edəcək.