Onların xatirəsi Ukraynada da anılır - FOTOLAR

26 Dekabr 2024 17:07 (UTC+04:00)

“Azərbaycan Hava Yolları”nın Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsinin qəzaya uğraması ilə əlaqədar elan olunmuş matəm günü səbəbindən ölkəmizin Ukraynadakı səfirliyində dövlət bayrağımız yarıya endirilib. SİA xəbər verir ki, matəmlə əlaqədar dekabrın 26-27-də səfirlikdə xatirə kitabı açılıb. Xarici ölkələrin Ukraynadakı diplomatik nümayəndəlikləri Azərbaycan səfirliyinə gələrək başsağlığı verir, xatirə kitabına ürək sözlərini yazırlar.

Bundan başqa Ukrayna sakinlərı, diaspor üzvləri, xarici ölkələrin diplomatik nümayəndələri faciə ilə bağlı səfirliyin önünə tər çiçəklər düzürlər. Səfirliyin önündə, həmçinin qəzanın görüntülərinə dair fotosərgi də nümayiş etdirilir.

Matəm günü ilə bağlı GUAM Katibliyinin Kiyevdə yerləşən binasında da Azərbaycanın Dövlət Bayrağı endirilib.

Xatırladaq ki, dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən "Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar olaraq dekabrın 26-da Azərbaycanda matəm elan edilib.