Qərbi Azərbaycanın Qarakilsə (Quqark - ermənicə) rayonun Vartana kəndi azərbaycanlıların yaşadığı tanınmış yerlərindən biri idi. 1988-ci il noyabr ayının 27-də erməni daşnakları bu kəndə hücum edərək 16 igid oğul və qızlarımızı vəhşicəsinə yandıraraq öldürmüşdülər. Bu kənddə ermənilərlə azərbaycanlılar birgə yaşadıqlarına görə soydaşlarımızın evlərini müəyyən etməkdə çətinlik çəkməmişdilər. Məmmədov Süleyman Qəmbər oğlu, Alıyev Əhməd İsmayıl oğlu, Bayramov Qərib İsmayıl oğlu, Alıyev Abdulla Oruc oğlu, Hüseynova Leyli, bir ailənin 3 üzvü - ata İskəndərov Mehralı, ana İskəndərova Xanım, oğulları İskəndərov Alim və digər kənd sakini Qazaxaliyev Əhməd İsmayıl əvvəlcə öldürülmüş, sonra isə yandırılmışdılar.
Qardaşım Məmmədov Süleyman Qəmbər oğlunun yandırılmış meyidindən bir banka kül götürə bildik və onu pənah gətirdiyimiz Bakının Sabunçu rayonunun Sovxoz Ramanı qəsəbə qəbiristanlığında dəfn etdik.
Bu, böyük dərddir. 1991-ci ildə qardaşım oğlu Vaqif Süleyman oğlu Məmmədov Şuşa şəhərindəki əsgərlərimizə maşın karvanı ilə silah-sursat aparan zaman "ZİL" maşının əyləci xarab olduğuna görə qəza baş vermiş, maşın aşmışdır. Vaqif başından aldığı zədədən dünyasını dəyişmişdir. Qardaşımın və oğlunun faciəvi ölümləri bizi çox sarsıtdı.
Qardaşım Süleymanın adını daşıyan nəvəsindən başqa Ramin adlı nəvəsi hazırda Norveçdə yaşayır. 44 günlük müharibə başlayanda nəvə Süleyman könüllü olaraq müharibəyə getdi. Anası Şərqiyyə arxasınca su atdı, kövrəldi: "Oğul, baban Süleymanı ermənilər öldürdü. Atan Vaqif isə qəhrəman əsgərlərimizə sursat aparan vaxt Şuşada qəzaya düşdü və o da atası kimi erməni vandallarının qurbanı oldu. İndi isə sən müharibəyə gedirsən".
- Ana, fikir eləmə, vətəni qorumaq lazımdır. Mən müharibəyə gedib babamın qisasını almalıyam.
"Get oğlum, yolun açıq, Allah üstündə olsun".
Süleyman həyat yoldaşı Səriyyə xanımla oğlu Vaqiflə qızı Ömürlə görüşüb getdi. Bir neçə gündən sonra Süleymanın səsi cəbhə bölgəsindən gəldi. Süleyman müharibədə tankı ilə işğalçı erməni ordusunun başına od ələyirdi. Ordumuz hər gün irəliləyirdi. Döyüşlərin birində Süleymanın idarə etdiyi tankı düşmən vurur. Süleyman və yoldaşları tankdan tullanırlar. Canlarını ölüm caynağından azad edirlər. Süleyman tankdan tullananda yaralanır. Onu təcili şəkildə Gəncə şəhər Hərbi qospitalına təxliyyə edirlər, orda bir müddət müalicə olunandan sonra Bakı Hərbi qospitalına gətirirlər. Süleymanı Gəncə qospitalında müalicə aldığını eşidən bacıları İradə, Təranə, anası Şərqiyyə çox pis olurlar. Əlbəttə, heç kim istəməz ki, oğlu, qardaşı müharibədə yaralansın. Bu vaxt Süleymanın əmisi oğlu Elçin bu xəbəri eşidəndən sonra Gəncə şəhər qospitalına gedir.
Onu da qeyd edim ki, bütün ailələr döyüşə göndərdikləri oğullarının sağ-salamat dönmələri üçün xeyir-dua verirdilər. Müharibə heç kimə xeyir gətirməyib. Süleymanın oğlu Vaqif, qızı Ömür hər gün anası Səriyyəyə sual verirdilər – atamız müharibədən nə vaxt qayıdacaq? Səriyyə xanım da həyat yoldaşı Süleymanı, onun sağ –salamat gəlməyini istəyirdi. Müharibə qurtarandan sonra Süleyman doğma evlərinə qayıtdı. Artıq qazi idi.
Məndə bir əmi kimi qardaşımın nəvəsindən görüşən vaxtı Süleyman mənə bu sözləri dedi: "Əmi, babamın heyfini aldım". Sözün düzü, bu sözdən sonra gözlərim yaşardı, nə yaxşı ki, sizin kimi oğullar var, nə yaxşı ki sizin kimi vətənimizi sevənlər var.
Bir gün Süleymana: - Özünü necə hiss edirsən? - dedim
- Əmi, özümü lap əla hiss edirəm. İnanıram ki, tezliklə babamın doğma yurduna, ellərimizə, Qərbi Azərbaycanın Qarakilsə rayonunun Vartana kəndinə qayıdacağıq. Atam deyirdi, oğul, yadınızda saxlayın, bizim doğma Vartana kəndimizdə Maymaq dağı, Muncuqlu bulaq, Qazax talası, Üləşik, Topallı, Ayğır bulaq, Çətindərə, Uzuntala, Zəkər yurdu, Daşlı güney, Südlü bulaq kimi dağlarımız, bulaqlarımız var idi.
Vartanada Süleyman kimi igid qəhrəman oğullarımız çoxdur. Çalışacağıq ki, həmişə igirlərimiz haqqında tez-tez məlumat verək.
Fürsətdən istifadə edib qardaşımın nəvələrini, ailəsini, balalarını qarşıdan gələn Yeni il münasibətilə təbrik edim, onlara uzun ömür, can sağlığı, işlərində müvəffəqiyyətlər arzulayıram!
Məmmədhəsən Məmmədov
26.12.2024