Məlumdur ki, Prezident İlham Əliyev 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə çıxış edib. Ölkə başçısı çıxışında 2024-cü ilin Azərbaycan idmanı üçün uğurlu olduğunu, Azərbaycan idmançılarının beynəlxalq yarışlarda ölkəmizi ləyaqətlə təmsil etdiyini, 1700-ə yaxın medal qazanıldığını bildirmişdir. Bəs, ölkəmizdə idman hansı səviyyədə inkişaf edib? İdmançılar bu barədə nə düşünür? SİA onların fikirlərini öyrənib.
"Paris-2024" Yay Paralimpiya Oyunlarında paracüdo üzrə yarışlarda bürünc medal qazanmış Azərbaycan idmançısı İlham Zəkiyev: “Azərbaycan cənab Prezident İlham Əliyevin yürütdüyü siyasət nəticəsində bütün dünyada idman ölkəsi kimi tanınır. 2024-cü il də Azərbaycan idmanı və idmançıları üçün çox uğurlu il oldu. İdmançılarımız ölkəmizi layiqincə təmsil edib vətənə medallarla döndülər. Azərbaycan bayrağı böyük bir arenada dalğalandı. Bundan başqa, Avropa Çempionatlarında da bayrağımız dəfələrlə zirvəyə qalxmış, himnimiz səslənmişdir. Bu gün Azərbaycanda elə bir yer yoxdur ki, orada olimpiya kompleksi olmasın. Mən bütün gənclərimizi çağırıram ki, idmanla məşğul olsunlar, sağlam olsunlar. Çünki sağlam gələcək, sağlam gənclik deməkdir. Onlar idman növünü düzgün seçsinlər, olimpiya idman növləri ilə məşğul olsunlar.
Prezident hər dəfə ilin yekununda və yarışdan sonra idmançıları mükafatlandırır, onları ordenlə təltif və evlə təmin edir. Bu da yeni idmana başlayanlar üçün stimuldur. Allah Prezidentimizi qorusun! Bizim Prezidentimiz hər zaman idmançıların yanında olub. Allah xalqımızı, millətimizi qorusun. Bu gün Azərbaycan idmançıları bütün dünyada tanınır və arzuolunmaz rəqibə çevriliblər. Allah üçrəngli bayrağımızı dalğalandıran idmançılara kömək olsun. Prezidentimiz də bizi hər zaman dəstəkləyir, uğurlarımızı izləyir. Bunun da nəticəsində idmançılarımız yüksək nailiyyətlər qazanırlar”.
Qadın karateçilərdən ibarət Azərbaycan yığmasının baş məşqçisi Şahin Xudaverdiyev: “Mən bu il ilin yekununa görə cənab Prezident tərəfindən evlə mükafatlandırıldım. Hər zaman olduğu kimi ölkə Prezidenti öz qayğısını idmançılardan əsirgəmir və idmanın inkişafında böyük dəstəyi var. İdmançılar hər zaman Prezidentimizin nəzərindədir. Ölkənin idman siyasəti dövlət siyasətinin bir qoludur. Bu da Prezidentin təşəbbüsü ilə yaradılmış bir siyasətdir. Bizim idman dünyada öz sözünü deyir. İdmanın inkişafında bilinir ki, burada cənab İlham Əliyevin böyük əməyi var.
Biz də çalışırıq ki, dünya arenalarında bayrağımız dalğalansın, himnimiz səsləndirilsin. Biz birlikdə güclüyük və möhtəşəm Prezidentin siyasətinin davamçılarıyıq. Dünyada öz sözümüzü deyirik. Bunun qarşılığında hər bir idmançı mükafatlandırılır. Ölkə başçımıza minnətdaram. Gələcəkdə də dünya arenasında öz idmançılarımı qalib kimi çıxarmağa çalışacağam”.
Ayşən Vəli