Yaşıllığın daha bir ünvanı: Masallı

26 Dekabr 2024 14:46 (UTC+04:00)

Aktual mövzu

Bakının evsahibliyi etdiyi COP 29 Beynəlxalq sammiti artıq tariximizin parlaq bir səhifəsinə çevrilib. Lakin sammitdə narahat dünyamızda iqlim dəyişmələrindən doğan fəsadlara, fəlakətlərə qarşı mübarizədə bir araya gələn xalqların iştirakı ilə qəbul olunan tarixi sənədlər isə təsirsiz qalmayıb. Yaşıl dünya naminə bütün səylər, imkanlar səfərbərliyə alınıb. Tədbirdən xoş təəssüratlarla ölkələrinə qayıdan nümayəndələr bu təəssüratları dünya əhalisi ilə paylaşır və yaşadıqları coğrafi məkanları ekoloji fəlakətlərdən qurtarmaq üçün öz töhfələrini verirlər.

Sammitdə yadda qalan ən mühüm məqamlardan biri şübhəsiz ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dolğun məzmunlu çıxışı, xüsusilə ekoloji problemlərin həlli ilə əlaqədar dünya xalqlarına tarixi müraciəti, müstəmləkəçilikdən əziyyət çəkən ölkələrə ekoloji yardımla bağlı çağırışı oldu.

Məlum olduğu kimi, əslində Azərbaycan sözügedən tədbirdə müzakirə olunan məsələləri hələ illər öncə kökü ulu öndərdən gələn və möhtərəm Prezident cənab İlham Əliyev tərəfindən daha da təkmilləşdirilən və həyata keçirilən ekoloji siyasəti ilə xeyli qabaqlamışdı. Təsadüfi deyil ki, dövlət başçısının məlum sərəncam ilə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan olunması və bu çərçivədə COP 29 - konfransına hazırlıqla əlaqədar ölkəmizdə genişmiqyasda görülən möhtəşəm işlər, həyata keçirilən maarifləndirici tədbirlər, “Hər kəs bir ağac əksə...”, “Ölkəmizi yaşıl diyara çevirək!” kimi vətənpərvərlik təşəbbüsləri və bu təşəbbüslərə geniş xalq kütləsinin qatılması fikrimizi bir daha təsdiqləyir.

Təbii ki, bütün bunlar füsunkar təbiətə malik Cənub bölgəsinin ən abad və yaşıl rayonlarından olan Masallıdan da yan keçməyib. Son 3 ildə Masallının yaşıllğın daha bir ünvanına çevrilməsini desək, yanılmarıq. Bu da möhtərəm Prezidentin uğurlu kadr siyasətinin nəticəsidir. Bir çox məsul vəzifələrdə çalışan Araz Əhmədovun Prezidentin sərəncam ilə Masallı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi rayona yeni ab-hava gətirdi. Başçının özünəməxsus iş üslubu, məqsədyönlü fəaliyyəti qısa müddətdə öz bəhrəsini verdi. Araz müəllim ilk öncə fəaliyyətinə yollardan başladı. İndi Masalının belinə kəmər kimi dolanan yollar yenidən quruldu, onlara asfalt örtüyü çəkildi. Yolların yenidən qurulması təkcə Masallı şəhərində deyil, kəndlərdə də geniş vüsət aldı. Eyni zamanda yollar yaşıl zolaqlarla əhatə olundu.

İcra başçısı rayondakı problemləri öyrənmək üçün kənd və qəsəbələrdə əhali ilə görüşlərə xüsusi diqqət yetirir. Bu görüşlərdə qaldırılan məsələlər, diqqətə çatdırılan problemlər çox vaxt ya yerindəcə, ya da müəyyən vaxtdan sonra həllini tapır.

Əslində, Araz müəlliminözünəməxsus iş üslubu var. Ən başlıcası budur ki, o, kabinet adamı deyil. Həmişə əhali, ictimaiyyət arasında olmağı xoşlayır. Otağının qapıları da daim qəbula gələnlərin üzünə açıqdır. Vətəndaşların haqlı şikayətlərinə, xeyirxah təkliflərinə həssaslıqla yanaşır və onları ümumi işin xeyrinə həyata keçirmək istəyir... Şəhid ailələrinə tez-tez baş çəkir, qazilərlə mütəmadi görüşür, ehtiyaclarını öyrənir. Rayonun Sosial-İqtisadi inkişafında mühüm rol oynayan sahibkarlığın genişləndirilməsi də daim diqqət mərkəzindədir.

İcra başçısının fəaliyyətində Vətən sevgisindən qaynaqlanan təbiət eşqi mühüm yer tutur. Yuxarıda qeyd etdiyimiz kimi, Masallının ölkəmizdə yaşıllığın, abadlığın daha bir ünvanına çevrulməsi məhz bunun nəticəsidir. Belə ki, Masallıda belə bir ənənə yaranıb: Heç kəs çağırış, tapşırıq gözləmədən yaşadığı ərazini, küçəsini abadlaşdırmağa, yaşıllaşdırmağa, mövcud yaşıllıqlara aqrotexniki qaydada qulluq etməyi özünə borc bilir, İcra başçısının rəhbərliyi altında tez-tez rayonda iməciliklərə, ağacəkmə aksiyalarına start verilir. Təbii ki, aksiyalarda əhali könüllü iştirak edir, yaşadığı şəhərin, kəndin, qəsəbənin təbiətinə yeni əlvan naxışlar bəxş edirlər.

Hələ Ulu öndər Heydər Əliyevin Respublikamızda ətraf mühitin mühafizəsi sahəsində təbliğat və maarifləndirmə işlərinin daha da genişləndirilməsi məqsədilə 27 yanvar 2003-cü ildə 847 saylı fərmanı ilə “Əhalinin ekoloji təhsili və maarifləndirilməsi” haqqında Azərbaycan Respublikasının Qanunu qəbul edilmiş və həmin Qanunun müddəalarından irəli gələn vəzifələrin icrası ilə əlaqədar müxtəlif tədbirlər həyata keçirilmişdir. Təbii ki, buda ölkəmizdə yeni ekoloji düşüncənin, tərbiyyənin və mədəniyyətinin formalaşmasında mühüm rol oynayır. Bunun təzahürünü Masallının ekoloji məkanında da görmək mümkündür. Aparılan təbliğat işləri və həyata keçirilən maarifləndirmə tədbirləri nəticəsində əhalinin ətraf mühitə, təbiətə münasibəti tamam dəyişib. Belə ki, rayonda su hövzələri qayğı ilə qorunur, tullantıların idarə olunmasına nəzarət gücləndirilib. Masallı şəhərinin əhalinin sıx yaşadığı yerlərdə tullantılar üçün xüsusi qutular qoyulub...

Bütün bunlar göstərir ki, Masallı ekoturizm potensialına malik coğrafi məkandır. Təsadüfi deyil ki, rayona turistlərin axını ildən ilə artır.

Fikrimizcə, Masallı COP 29 Beynəlxalq sammitindən irəli vəzifələrin həyata keçirilməsində ölkəmizdə öncüllərdən sayıla bilər.

24 dekabr 2024-cü il tarixində “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində 11 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin Yiyənkənd meşəbəyliyinin 16 saylı meşə dolayında müxtəlif cinslərdən ibarət 5 hektar sahədə, ümumilikdə 3150 ədəd ting əkilməsi meşələrimizin daha zənginləşməsinə hesablanıb. Ağacəkmə aksiyasında Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev, Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, Meşələrin İnkişafı Xidmətinin rəisi Ramik Əşrəfov, 1 saylı Regional ETSİ-nin rəisi Ceyhun Hüseynov, Masallıda fəaliyyət göstərən idarə, müəssisə rəhbərləri, şəhid ailələri, kənd sakinləri, Media qurumunun nümayəndələri, ziyalılar iştirak etmişlər.

Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev son illərdə ölkədə ekoloji problemlərin həlli ilə əlaqədar görülən işləri diqqətə çatdıraraq dedi: - Cənub bölgəsi həmişə öz füsunkar, bənzərsiz təbiəti ilə seçilib. Təbii ki, bu da torpağın münbitliyindən, məhsuldarlığından irəli gəlir. Müdriklər yaxşı deyib ki, bu torpağa qovrulmuş toxum da atsan göyərir. Təsadüfi deyil ki, cənub meşələri öz rəngarəngliyi, relikt və endemikliyi ilə fərqlənir. Bura, Azərbaycan təbiətinin şah əsəri olan, dünya alim-ekoloqlarının tədqiqat obyektinə çevrilən dəmirağaclarının, qızılağacların, qırmızı akasiyasının, şabalıdyarpaq palıdların, bir sözlə qədim Hirkan meşələrinin məskənidir.

Mən fürsətdən istifadə edib möhtərəm Prezidentimizin ekoloji siyasətini, uğurla həyata keçirən və bu günkü tədbirə böyük coşqu ilə qatılan Masallı Rayon İcra Hakimiyyətinə təşəkkürümü bildirirəm...
Cənub təbiəti təkcə parklarla, qoruqlarla deyil, zümrüd, yaşıl libaslı meşələri ilə də diqqət çəkir. Təbiətin bu yaşıl örtüyü qayğı ilə qorunmaqla bərabər, ərazisi ildən ilə genişləndirilir, yeni meşə sahələri yaradılır.

Meşələrin mühafizəsində və zənginləşməsində Lənkəran, Masallı, Regional Meşə Təsərrüfatı Mərkəzlərinin kollektivlərinin əməyi çoxdur. Onlar həm Cənub regionunun, həm də respublika ərazisinin yaşıllaşdırılmasında öz töhfələrini verirlər. Cənub meşəçilərini əbəs yerə rayonun “yaşıl akademiyası” adlandırmırlar.

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov öz çıxışında bildirdi ki, təbiətin, ətraf mühitin mühafizəsi hər şeydən öncə ümumdövlət əhəmiyyətli işdir. Təsadüfi deyil ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyev ölkəmizdə ekoloji tarazlığı həmişə diqqət mərkəzində saxlayır. Dövlət başçısının bu sahədəki tövsiyyə və tapşırıqları təkcə ekoloqlar üçün deyil, bütün əhali üçün, hamımız üçün mühüm fəaliyyət proqramıdır. Yeni texnoloji imkanlar fauna və floramıza tətbiq edilsə də adamlarımızın təbiət sevgisini həmişə önə çəkirik... Keçirdiyimiz aksiyalar, maarifləndirici tədbirlər də bunu aydın göstərir...

Təbiətə həmişə məhəbbətlə, qayğı ilə yanaşmaq, onu qorumaq, daha da zənginləşdirmək və gözəlləşdirmək insanların müqəddəs borcudur. Axı, təbiət heç nəyini bizdən əsirgəmədiyi üçün, biz də, ona borclu qalmamalıyıq. Təbii ki, bu gün Masallının Yiyənkənd Meşəbəyliyinin 16 saylı meşə dolayında əkilən müxtəlif cinsli tinglər sabahın göylərə ucalan ağacları, başqa sözlə desək, yeni bir yaşıllıq zolağı kimi diqqət çəkəcək. Eyni zamanda, bu yerin təmiz ab-havasına yeni şəffaflıq, insanların sağlamlığına yeni sağlamlıq qatacaq. Bir sözlə, bundan həm təbiət, həm də insanlar faydalanacaqdır.
Masallı isə indi ölkəmizdə yaşıllğın, abadlığın daha bir ünvanına çevrilib.

Bəxtiyar Hüseynov,
Azərbaycan Yazıçılar və Jurnalistlər
Birliyinin üzvü, yazıçı-ekoloq