Yayılmış foto və videomateriallar əsasında təyyarədəki zədələrin xarakteri haqqında nəticə çıxarmaq hələ tezdir. SİA xəbər verir ki, bunu Qazaxıstan Senatının spikeri Maulen Aşimbayev Aktauda “Azerbaijan Airlines” aviaşirkətinə məxsus təyyarənin qəzaya uğramasının mümkün səbəblərini və xarici örtüyündəki zədələrin xarakteri barədə məlumatı şərh edərkən bildirib.
"Bu zədələrin xarakteri, qəzanın səbəbləri hələ məlum deyil. Xüsusi komissiya işləyir, Qazaxıstan, Azərbaycan və Rusiyanın xüsusi qurumlarının nümayəndələri cəlb olunub. Bu ölkələrin nümayəndələri ilə birlikdə bizim mütəxəssislərimiz işləyir. Şəkillərə əsasən dərhal nəticə çıxarmaq spekulyasiya, əsassız bəyanatlardır. Bu cür qiymətləndirmələri "yaymaq" isə məncə, indi düzgün və etik deyil", - Aşimbayev Senatda keçirilən brifinqdə suallara cavab verərkən bildirib.
"Ekspertlərin işləməsinə imkan verin" - Baş nazirin müavini təyyarənin atəşə tutulmasına dair yayılan şayiələrlə bağlı belə cavab verib.
Qeyd olunur ki, idarələrarası komissiyaya rəhbərlik edən Baş nazirin müavini Kanat Bozumbayevdən dünən Aktauda keçirilən brifinqdə təyyarədəki qəribə dəliklər və bunların atəş izləri olub-olmaması barədə soruşublar.
"İdarələrarası istintaq-əməliyyat qrupu yaradılıb. Mənimlə həm kriminalist ekspertlər, həm də Aviasiya Administrasiyamızdan məhz belə hava hadisələrini araşdıran ekspertlər gəlib. Onlar cinayət işi çərçivəsində bütün sübutları toplayacaq, lazımi ekspertiza aparacaqlar. Bura təyyarənin düşmə səbəbləri, qara qutunun açılması və sair aiddir. Və əlbəttə ki, bunları dərc edəcəyik. Bəyanat vermək hələ tezdir", - Bozumbayev cavab verib.
Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub. Onlardan 38-i həlak olub, 29-u sağ qalıb.
Prezident İlham Əliyev çoxsaylı insan itkisindən sonra ölkə ərazisində bir günlük matəm elan olunması ilə bağlı sərəncam imzalayıb.
Eyni zamanda dövlət başçısının tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb.