1995-2024-cü illərdə Azərbaycanın Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrlə qarşılıqlı investisiya qoyuluşunun məbləği təxminən 37 milyard ABŞ dolları təşkil edib. SİA xəbər verir ki, bunu iqtisadiyyat nazirinin I müavini Elnur Əliyev Bakıda keçirilən Türk Ticarət və Sənaye Palataları Birliyinin Baş Assambleyasında bildirib.
Onun sözlərinə görə, bunun təxminən 17 milyard ABŞ dolları TDT ölkələrinin Azərbaycana, təxminən 20 milyard ABŞ dolları isə Azərbaycanın TDT ölkələrinə investisiya qoyuluşunun payına düşüb.
"Biz bütün türk dövlətləri ilə sərmayələrin təşviqi və qorunması barədə razılaşmalar imzalamışıq, bu da əlaqələrimizi daha da gücləndirmək və genişləndirmək üçün hüquqi zəmin yaradır", - deyə Azərbaycan rəsmisi qeyd edib.
E.Əliyev vurğulayıb ki, işgüzar tərəfdaşlıq perspektivləri daha böyükdür: "Orta Dəhliz, həmçinin Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu xətti və digər layihələr investisiya əməkdaşlığımızın maksimum reallaşdırılmasına əlavə imkanlar açır".
"Azərbaycanın "2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nda ölkəmizin regional haba və elektron ticarət mərkəzinə çevrilməsi, tranzit yükdaşıma və logistika əməliyyatlarının həcminin artırılması üzrə hədəflər var. Bunu nəzərə alaraq biz nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi məqsədilə kompleks tədbirlər həyata keçiririk. Bu müstəvidə, xüsusi iqtisadi zonalar, o cümlədən Ələt Azad İqtisadi Zonası (AFEZ) və sənaye zonaları strategiyamızın əsas istiqamətlərindən biridir. Ümumi sahəsi 6 500 hektar olan AFEZ rezidentləri üçün vergi güzəştləri və qazancın sərbəst şəkildə repatriasiya olunmasını təmin etməklə ixrac məqsədli yüksək dəyərli məhsullar istehsal etməyi hədəfləyən investorlara geniş imkanlar vəd edir",- deyə o əlavə edib.