“Bildiyiniz kimi, ekspert qismində dəvət aldığım müxtəlif televiziya verilişlərində, sosial şəbəkə platformalarında və saytlarda daim özünü “TikToker” adlandıran şəxslər haqqında sərt mövqeyimi ifadə etmişəm. Mən həmişə cəmiyyətin əxlaqını pozanlara qarşı çıxmışam. Əgər biz sosial şəbəkəni, yəni TikTok-u qadağan edə bilmiriksə və ya senzura tətbiq edə bilmiriksə, o zaman qanunvericiliklə cəzalar sərtləşdirilməlidir”. Bu sözləri SİA-ya açıqlamasında sosial və mənəvi məsələlər üzrə ekspert Ramal Əliyev deyib.
Onun sözlərinə görə, bir neçə gün əvvəl Daxili İşlər Nazirliyinin (DİN) milli-mənəvi dəyərlərə zərbə vuran, əxlaqsızlıq təbliğ edən “TikToker”lərə qarşı keçirdiyi əməliyyatın şahidi olduq: “Bu səbəbdən DİN naziri general-polkovnik Vilayət Eyvazova və DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad müəllimə təşəkkürümü bildirirəm. Cəza olan yerdə islah da var. Gələcəkdə də bu tip neqativ halların qarşısının alınması üçün hüquq mühafizə orqanları hərəkətə keçməlidir. Artıq TikTok istifadəçilərinin əksəriyyəti bütün əxlaqi normaları aşmışlar. Bu belə davam etməməlidir.
Kirli pulların yuyulmasına gəlincə, bu hal qonşu Türkiyədə baş vermişdir. Türkiyədəki “TikToker”lər bəzi iş adamları ilə dırnaqarası sazişlərə girərək, onlara hədiyyə formasında göndərilən pulları nağdlaşdırıb geri qaytarırmışlar. Bu səbəbdən Türkiyənin hüquq mühafizə orqanları əməliyyat keçirərək bu şəxsləri həbs etdilər. Analoji əməlin bizim saxlanılan TikTokerlər tərəfindən də baş verdiyi iddia olunur. Lakin bu iddia araşdırılmaqdadır. Əgər dəlil və subutlar əldə edilərsə, deməli, bu şəxslər yalnız cəmiyyətin əxlaqına deyil, həm də onun cibinə zərər vururlar”.
Ramal Əliyev sözlərinə belə davam edib: “Halal qazanc məsələsinə gəlincə, “halal qazanın əmri” bizə İslamın müqəddəs kitabı olan Qurani-Kərimdə Allahın əmridir. Cəmiyyətimizin 90%-dən çoxu özünü İslam dininə mənsub hiss etdiyi üçün Qurani-Kərimdə halal və haram mövzularında kifayət qədər məlumat vardır. Hər kəs Allahdan və axirətdəki hesabdan çəkinib, haram qazancdan uzaq durmalıdır. Haram anlayışı olduqca geniş bir məfhumdur.
Başqasının malını qəsb etməməlisən, qumar oynayıb başqasının puluna sahib çıxmamalısan, ticarətdə saxtakarlıq etməməlisən, məhsulunun maya dəyərini azaltmaq üçün keyfiyyətini düşürməməlisən, oğurluq etməməlisən. Bu sadaladığım əməllər haram olan əməllərin bir qismini təşkil edir. Düşünürəm ki, cəmiyyətimiz hələ də halal və haram qazancı düzgün anlayır, amma sadəcə bunu bilmək kifayət etmir, buna əməl etmək lazımdır”.
Ayşən Vəli