“Azərbaycan Hava Yolları”nın Bakı–Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsinin qəzaya uğraması ilə əlaqədar elan olunmuş matəm günü səbəbindən ölkəmizin Çindəki səfirliyində dövlət bayrağı yarıya endirilib. SİA xəbər verir ki, səfirlik Çinin Xarici İşlər Nazirliyinə, BMT-nin qurumlarının ofislərinə, Şanxay Əməkdaşlıq Təşkilatının katibliyinə, Ərəb Dövlətləri Liqasının Çindəki təmsilçiliyinə, Pekindəki diplomatik nümayəndəliklərə nota göndərərək, matəm ilə əlaqədar dekabrın 26-27-də səfirlikdə xatirə kitabının açıldığını bildirib. Bundan başqa, səfirliyin Çində populyar olan sosial şəbəkə hesablarında hadisə ilə əlaqədar paylaşım edilib.
Xarici ölkələrin Çindəki diplomatik nümayəndəlikləri Azərbaycan səfirliyinə gələrək başsağlığı verir, xatirə kitabına ürək sözlərini yazırlar.
Qeyd edək ki, “Azərbaycan Hava Yolları”na məxsus təyyarənin qəzaya uğraması nəticəsində çox sayda insan həyatını itirib və ya xəsarət alıb.