Artıq Honda və Nissan rəsmiləri danışıqlara başlayıb

25 Dekabr 2024 23:25 (UTC+04:00)

...Honda və Nissan, Toyota və Volkswagen qrupundan sonra dünyanın üçüncü ən böyük avtomobil istehsalçısı ola biləcək vahid holdinqdə birləşmək üçün danışıqların başlandığını rəsmən təsdiqləyiblər.

SİA-nın məlumatına görə, artıq Nissan ilə ittifaqın bir hissəsi olan Mitsubishi də danışıqlara qatılacaq. Qarşıdakı altı ay ərzində tərəflər Anlaşma Memorandumu imzalayacaq və detalların işlənməsi üçün xüsusi komitə yaradacaqlar. Birləşmə ilə bağlı yekun qərar 2025-ci ilin iyun ayına qədər, yeni şirkətin Tokio Fond Birjasında qeydiyyatı isə 2026-cı ilin avqust ayına planlaşdırılır.

Birləşmədən sonra şirkətlər öz brendlərini saxlayacaqlar, lakin platformaları, güc ötürücülərini və təchizat zəncirlərini paylaşacaqlar. Xərcləri optimallaşdırmaq və elektromobillərin və proqram təminatının inkişafını sürətləndirmək planları var. Birgə iş elektromobillər və hibridlər üçün yeni arxitekturalar yaradacaq, həmçinin qlobal rəqabət qabiliyyətini gücləndirəcək.
Honda-nın baş direktoru Toşihiro Mibe qeyd edib ki, danışıqlar yeni başlayır və birləşmənin ləğvi ehtimalı qalmaqdadır. Onu da unutmaq olmaz ki, Nissan hazırda çətin maliyyə dövrünü yaşayır və bu, işçi qüvvəsinin eləcə də istehsal gücünün azalmasına səbəb olub. Yapon istehsalçısı üçün belə bir ittifaq avtomobil bazarında öz mövqeyini qorumaq üçün həyat xəttinə çevrilə bilər.

Nazlı Almuradova