Narkomanlığın fəsadları barədə mediada məlumatların hazırlanması ilə bağlı təlim - FOTOLAR

25 Dekabr 2024 14:39 (UTC+04:00)

Azərbaycan Respublikası Audiovizual Şurası və Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun birgə təşkilatçılığı ilə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı”nın 4.4.31-ci bəndinin icrasını təmin etmək məqsədilə narkomanlığın spesifik cəhətləri ilə bağlı televiziya jurnalistləri üçün təlim keçirilib. Komissiyanın mətbuat xidmətindən SİA-ya bildirilib ki, təlimdə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupunun rəhbər müavini və məsul əməkdaşı, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin, Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin, Bakı şəhəri Narkoloji Dispanserin əməkdaşları və 20-dən çox audiovizual media subyektinin nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Audiovizual Şuranın Hüquq və beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Dövlət Proqramının Tədbirlər Planı çərçivəsində narkomanlığa qarşı mübarizə mövzusunda televiziya və radio proqramlarının hazırlanması işinin təşkilinin Audiovizual Şuraya həvalə olunduğunu qeyd edib. O, şura tərəfindən bu günə kimi görülmüş işlər barədə tədbir iştirakçılarına məlumat verib. Bildirib ki, narkomanlığa qarşı mübarizə istiqamətində görülən tədbirlərin gücləndirilməsi və koordinasiyası məqsədilə yaradılmış Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupu ilə Audiovizual Şuranın, habelə media subyektlərinin əlaqəli fəaliyyəti xüsusi əhəmiyyət kəsb edir.

Daha sonra çıxış edən Dövlət Komissiyasının işçi qrupunun rəhbər müavini sözügedən problemlə mübarizədə media nümayəndələrinin üzərinə böyük məsuliyyət düşdüyünü və bu baxımından belə tədbirlərin keçirilməsinin vacibliyini qeyd edib. O, aidiyyəti dövlət qurumları ilə əməkdaşlıq və koordinasiyalı fəaliyyət nəticəsində indiyə kimi görülən işlər barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.

Audiovizual Şuranın Hüquq və beynəlxalq əməkdaşlıq şöbəsinin mövzu ilə bağlı geniş təqdimatı olub. Audiovizual mediada hazırlanan materialların qanunvericiliyin tələbləri ilə mütənasibliyi, prosesin nəzarət və tənzimləmə mexanizmi, mümkün cəza tədbirləri, eyni zamanda, beynəlxalq təcrübədə diqqətə alınan metodlardan danışılıb.

Çıxış edənlər gənclərin narkotik asılılıq probleminə dair biliklərinin artırılması məqsədilə narkotik vasitələrdən istifadənin risk amilləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri, narkotik asılılığın formalaşma mərhələləri, antinarkotik təbliğatın vacibliyi, narkomanlıq və onun fəsadları barədə mediada daha dolğun məlumatların hazırlanması məqsədilə dövlət orqanları ilə əməkdaşlığın gücləndirilməsi barədə məlumat veriblər.

Tədbirin sonunda media nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.