"Bədən tərbiyəsi və idman insanların sağlamlığında, mənəvi zənginliyində çox mühüm əhəmiyyətə malikdir". Bu sözləri SİA-ya verdiyi açıqlamasında Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, millət vəkili Tahir Rzayev deyib.
Komitə sədri qeyd edib ki, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsində də idmanın əhəmiyyəti, rolu qaçılmazdır və məhz buna görə də Azərbaycanda idmanın inkişafına böyük qayğı və diqqət göstərilir.
“Azərbaycan Prezidenti cənab İlham Əliyev idman yarışlarının təşkilinə, yeni Olimpiya İdman komplekslərinin qurulmasına, gənclərimizin idman tədbirlərində yaxından iştirak etməsinə böyük önəm verir və bu sahənin inkişafı üçün əhəmiyyətli tədbirlər həyata keçirməkdədir. Məhz buna görə də son illərdə Azərbaycan idmançılarının beynəlxalq əhəmiyyətli yarışlarda qazandıqları uğurlar artır və onlar dövlətimizin bayrağını zirvələrə ucaldırlar. Cənab Prezident 2024-cü ilin idman yekunlarına həsr olunmuş mərasimdə çıxışı zamanı Azərbaycan idmançılarının qazandıqları uğurlara, eləcə də idmanın cəmiyyətin həyatında oynadığı rola çox böyük qiymət vermiş və bildirmişdir ki, keçən il idmançılarımız beynəlxalq yarışlarda 1700 medal qazanmışlar və əlbəttə ki, bu da idmanın yüksəlişi, idmana göstərilən qayğının ifadəsidir.
Bu gün Azərbaycan idmanı nəinki mərkəzdə, iri şəhərlərdə, eləcə də regionlarda inkişaf etdirilir. 44 Olimpiya İdman kompleksinin qurulması, eləcə də yeni geniş ölçülü mini idman stadionlarının, məşq zallarının tikintisi deməyə əsas verir ki, Azərbaycan idmanı gündən-günə inkişaf etdiriləcək və bu bir çox beynəlxalq əhəmiyyətli yarışların Azərbaycanda keçirilməsinə zəmin yaradır. Məlum olduğu kimi, beynəlxalq əhəmiyyətli idman oyunları, futbol, voleybol, gimnastika və digər növlər üzrə Azərbaytcanda çox mühüm yarışlar uğurla təşkil edilmiş və bu yarışlarda Azərbaycan idmançıları da öz məharətlərini ortaya qoymuş, qələbələrlə azarkeşləri, insanları sevindirmişlər.
Azərbaycan Prezidenti çıxışında ölkədə idmanın böyük potensiala malik olduğunu və bu sahədə keçirilən tədbirlərin səmərə verdiyini dönə-dönə qeyd etmişdir. Həm də qazanılan qələbələrə, idmançılara öz hörmətini, ehtiramını ifadə etmiş, onların uğurları ilə xalqımızın fəxr etdiyini nəzərə çatdırmışdır. Ölkə rəhbəri bildirmişdir ki, bu gün bütün sahələrdə uğurlar davam edir və idman sahəsində də biz nailiyyətləri daha da artırmalı və möhkəmləndirməliyik. Bu baxımdan Qarabağda və Şərqi Zəngəzurda idmanın kütləviliyinin artırılmasına böyük ehtiyacın, nəzarətin olduğunu diqqətə çatdıran ölkə rəhbərimiz qeyd etmişdir ki, idmançılarımız tez-tez Qarabağa və Şərqi Zəngəzura səfərlər edirlər. Bu yaxşı haldır və sevindiricidir ki, bu günə qədər 10 min insan həmin ərazilərdə yerləşdirilmişdir. Əlbəttə ki, işğaldan azad olunmuş ərazilərdə aparılan möhtəşəm bərpa-quruculuq, tikinti-abadlıq işləri həmin ərazilədə idmanın kütləviliyinin artırılmasını da zərurətə çevirir və hesab etsək ki, həmin ərazilərə köçənlərin əksəriyyəti gənclərdir, ona görə də Qarabağda və Şərqi Zəngəzurda idmanın inkişafına diqqət artırılmalıdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin mərasimdəki çıxışı hər bir idmançının və eləcə də vətəndaşın ürəyindən xəbər verir. Çünki deyildiyi kimi, idman sağlamlıqdır, idman gücdür, idman insanın mənəviyyatını zənginləşdirən, ona ruh verən bir vasitədir. Belə olan halda, hər bir vətəndaş idmanın inkişafı üçün özünün vəzifəsini qiymətləndirməli və bu sahəyə dəstək verməlidir”, deyə Tahir Rzayev bildirib.