Media nümayəndələri və influenserlərlə görüş təşkil edilib - YENİLƏNİB - FOTOLAR

25 Dekabr 2024 12:50 (UTC+04:00)

Dekabrın 25-də Qarabağ Dirçəliş Fondu 2025-ci il üçün nəzərdə tutulan təşviqat fəaliyyəti çərçivəsində yeni əməkdaşlıqların müzakirəsi məqsədilə media nümayəndələri və influenserlərlə görüş təşkil edib. SİA xəbər verir ki, tədbirdə çıxış edən Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev işğaldan azad edilmiş ərazilərin bərpa, dirçəliş və inkişaf mərhələsinə qədəm qoyduğunu bildirib. Onun sözlərinə görə, 2020-ci ildən 2025-ci ilə qədər dövlət büdcəsindən bu ərazilərin bərpasına ümumilikdə 22 milyard manat, o cümlədən 2025-ci ildə 4 milyard manat ayrılması planlaşdırılıb.

Rəhman Hacıyev qeyd edib ki, “Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində 2026-cı ilədək ilkin mərhələdə 100 yaşayış məntəqəsinin (8 şəhər, 8 qəsəbə və 84 kənd) bərpa edilməsi nəzərdə tutulur: "Səkkiz şəhərin Baş Planı artıq hazırlanıb. Proqram çərçivəsində 34 500 mənzilin və fərdi yaşayış evinin inşası və bu evlərə 34 500 ailənin köçürülməsi planlaşdırılır. Həmçinin, 23 kiçik su elektrik stansiyasının (KSES) bərpası və 28 yeni KSES-in tikintisi də proqramın əsas hədəflərindən biridir".

Qarabağ Dirçəliş Fondunun tarixi irsimizin bərpasına verdiyi töhfələrə toxunan Rəhman Hacıyev, bu sahədə həyata keçirilən layihələrin əhəmiyyətini vurğulayıb. O, Fondun fəaliyyətindən bəhs edərək deyib: “Qarabağ Dirçəliş Fondu işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması, dayanıqlı iqtisadiyyatın qurulması və yüksək rifahın təmin olunması istiqamətində maliyyə dəstəyinin göstərilməsini, sərmayələrin cəlb olunmasını və dövlət-özəl tərəfdaşlığının inkişafını təmin edən publik hüquqi şəxsdir.”

Tədbir çərçivəsində Fondun 2024-cü il ərzində gördüyü işləri əks etdirən videoçarx nümayiş etdirilib.
Tədbirdə həmçinin geniş ictimaiyyəti Qarabağın dirçəlişi ideyası ətrafında birləşdirmək və Qarabağla bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq məqsədilə fikir mübadiləsi aparılıb.